“BMT-nin Asiya və Okeaniya üzrə İqtisadi və İctimai Komitələrinin (ESCAP) iclası İranla Azərbaycan arasında əməkdaşlığın artırılmasına səbəb olacaq”.
APA-nın İRİB-ə istinadən məlumatına görə, bu barədə İranın vitse-prezidenti Bəhruz Muradi açıqlama verib. O bildirib ki, ESCAP-a üzv olan ölkələrin daxili işlər nazirlərinin üçüncü iclası Tehranda keçiriləcək: “Azərbaycan da bu quruma üzvdür və həmin iclasda aktiv iştirakı gözlənilir. Görüşün nazirlər səviyyəsində keçirilməsi isə tədbirin əhəmiyyətini daha da artırır. Azərbaycan da Tehran iclasına nazirlər səviyyəsində qatılsa, bu ölkə ilə iki və çoxtərəfli əməkdaşlıq sahəsində faydalı müzakirələr aparmaq mümkün olacaq. Belə bir görüş yeni əməkdaşlıq üçün fürsət olacaq”. B. Muradi əlavə edib ki, İran dost və qardaş ölkə olan Azərbaycanla lazımi əməkdaşlığa hazırdır.