Planetin diqqətini çəkən hadisə
İyunun 12-də İran İslam Respublikasında prezident seçkiləri keçiriləcək. Təqribən 47 milyon səs hüququna malik iranlı növbəti 4 il üçün ölkə başçısını seçəcək. Bu hadisə nəinki Azərbaycan, bütün dünyanın diqqət mərkəzindədir.
Sovet İttifaqı dağıldıqdan sonra ABŞ faktiki olaraq dünya taxt-tacına sahib çıxmağa çox yaxın idi. Çin və Rusiya ciddi güc mənbəyi olsalar da, Vaşinqtonun planetdə yalnız bir real rəqibi qalırdı - İran. Amma bu sədd aşılmadı. İslam Respublikası heç bir kompromisə getməyərək, Amerikaya meydan oxumaqda davam etdi. Dünya da bu soyuq müharibəni izləyərək, hər an hərbi əməliyyatların başlanma ehtimalını müzakirə edərək, hadisələrin nə ilə bitəcəyini gözləyirdi. Hadisələr isə cərəyan etməkdədir. İyunun 12-i tək İran deyil, Azərbaycan da daxil olmaqla bütün dünya üçün əhəmiyyətli bir tarixdir. İranın növbəti 4 ildə hansı qüvvələr tərəfindən idarə olunması planet miqyasında vəziyyəti bu və ya digər istiqamətə dəyişə bilər. Əlbəttə ki, hər şeyi İran xalqının iradəsi müəyyən edəcək. Amma müəyyən faktları araşdıraraq, bəzi hadisələri saf-çürük edərək, keçmişə nəzər salaraq, indidən bəzi proqnozlar vermək mümkündür. Hər halda, “Yeni Şərq” olaraq, bu məsələyə dair mülahizələrimizlə bölüşməyi özümüzə borc bildik.
Namizədlər
Əvvəlcə namizədlərdən başlayaq.
Namizədlərin rəsmi qeydə alınması mayın 5-nə təyin edilib və buna 4 gün vaxt ayrılıb. Seçkiqabağı təşviqat kampaniyası isə mayın 22-də start götürəcək və 20 gün davam edəcək. Hələlik seçki marafonuna 4 namizəd qatılıb. Bunlar hazırki dövlət başçısı Mahmud Əhmədinejad, İranın son baş naziri Mir-Hüseyn Musəvi, 6-cı və 7-ci çağırış parlamentdə Təbrizdən olan deputat Əkbər Ələmi və 1989-1992-ci illərdə İslam Məsləhət Şurasının, 2000-2004-cü illərdə isə İran parlamentinin sədri olmuş Mehdi Kərrubidir. Namizədlər sırasında yer alan eks-prezident Məhəmməd Xatəmi sonradan üçüncü dəfə İslam Respublikasının prezidenti olmaq şansından vaz keçdi. O, öz namizədliyini Mir-Hüseyn Musəvinin xeyrinə geri götürdü. Beləliklə, 4 namizəd. Kimdir şanslı? Kim daha üstündür? İslahatçılar və mühafizəkarların qarşıdurmasında kim qalib gələcək?..
Əhmədinejad erası
Yəqin siyasət aləminin və İran reallıqlarının dərin bilicisi olmaq lazım deyil ki, əsas mübarizənin məhz Musəvi və Əhmədinejad arasında getməsini yəqin edək.
Mahmud Əhmədinejad 2005-ci il seçkilərində heç kimin gözləmədiyi halda aşkar favorit hesab edilən Rəfsəncanini üstələdi. Xalq Tehranın keçmiş merinə etimad göstərdi. Artıq başa çatmaqda olan prezidentlik müddəti ərzində Əhmədinejad əsasən İranın Amerika ilə qarşıdurmasındakı cəsarətli çıxışları və gedişləri ilə, xüsusən də nüvə sahəsində İslam Respublikasının son illərdə qazandığı uğurlarla imic qazanıb. Amma bütün bunlar iqtisadi böhran, iqtisadiyyatın müxtəlif sahələrindəki tənəzzül, yoxsulların sayının və işsizliyin artması, alıcılıq qabliyyətinin aşağı düşməsi fonunda baş verdi. Xarici siyasətdəki nəaliyyətlər ölkə daxilində davamını tapmadı. Əlbəttə ki, bütün bunlar 4 il iqtidarda olmuş Əhmədinejada və mühafizəkarlara xalqın etimadını müəyyən qədər azaldıb. Demək olar ki, kəskin çıxışlar və cəsarətli addımlar erası yavaş-yavaş sona çatır. Əhmədinejad öz siyasi potensialından tam istifadə etdi. Buşla tez-tez söz savaşlarına çıxan, onu dəfələrlə canlı yayında debatlara dəvət edən keçmiş mer bütün dünyaya sübut etdi ki, İran heç də çoxlarının düşündüyü kimi aciz və müdafiəsiz deyil. Əfqanıstan və İraqa düşünmədən ordu yeridən Buş üçün Tehranı da hədəfə almaq çətin deyildi. Əgər… Əlbəttə, əgər Amerika bunun özü üçün əsl fəlakətə çevrilməyəcəyinə əmin olsaydı, mütləq belə bir addım atardı. Ancaq çoxsaylı hədələrə baxmayaraq, Buş bunu etməyə özündə cürət tapmadı. Beləcə, İranı “fəth etmək” arzuları ürəyində qaldı. Bir sözlə, Əhmədinejad bu dueldən qalib ayrıldı. Lakin indi siyasətdə Buş yoxdur. Onu əlini Tehrana tərəf uzadan Obama əvəzləyib. Belə bir vəziyyətdə isə daha müdrik, siyasətdə daha çevik bir rəhbər lazımdır. Bu potensial rəhbərin hələ iqtisadiyyatın da dərin bilicisi olduğunu nəzərə alsaq, o zaman Əhmədinejadın şanslarının bir qədər də aşağı düşdüyünü etiraf etməliyik. Zənnimizcə, belə bir namizəd Mir-Hüseyn Musəvidir.
Gözlənilməz rəqib
68 yaşlı Musəvi 1979-cu il İslam İnqilabının reallaşmasında aparıcı rollardan birini oynayan şəxs, mərhum İmam Xomeyninin yaxın silahdaşıdır. 1981-ci ildə qısa müddət ərzində İranın xarici işlər naziri kimi fəaliyyət göstərdikdən sonra, o, ölkənin baş naziri təyin edilib və bu post Konstitusiya islahatları çərçivəsində ləğv edilənə, 1989-cu ilə qədər bu vəzifədə çalışıb. Və məhz bundan sonra 20 illik bir müddətdə siyasətdən kənarlaşıb. Nəhayət, 2009-cu ilin fevralında qayıdış baş tutdu. İslahatçılar düşərgəsinin ən real namizədi və Əhmədinejadın əsas rəqibi kimi dəyərləndirilən Məhəmməd Xatəmi Musəvi ilə görüşdükdən sonra namizədliyini geri götürdü. Bu isə o demək idi ki, artıq hazırki prezident seçkilərdə məhz Musəvi ilə mübarizə aparmalı olacaq. Bəs Mir-Hüseyn Musavi seçki marafonuna qatılarkən nəyə ümidlidir? İran xalqı ona niyə səs verməlidir?
Musavinin özəllikləri
Artıq qeyd etdiyimiz kimi, Mahmud Əhəmdinejadın uğursuz iqtisadi siyasəti bilavasitə çoxlarını Musəviyə səs verməyə vadar edəcək. Onu da qeyd edək ki, dünyanı caynağına almış hazırki iqtisadi böhran da Əhmədinejad imicinin lehinə işləmədi. İqtisadi böhranla üz-üzə olan xalq kütlələri isə daha çox islahatçıların namizədinə deyil, məhz hazıkri prezidentin əleyhinə səs verəcəklər.
Digər amil yenə də iqtisadiyyatla bağlıdır. Musəvi baş nazir olduğu dönəmdə müasir İran 30 illik tarixinin ən ağır illərini yaşayıb. İraqla müharibə neftdən əldə olunan gəlirlərin təqribən yarısını hərbi sahəyə xərcləməyə məcbur edirdi. Lakin buna rəğmən, o zamanın inflyasiyası hazırki fəlakətli göstəricilərlə müqayisə edilə bilməz. Çox ağıllı və düşünülmüş addımlar sayəsində Mir-Hüseyn Musəvi faktiki olaraq sıravi iranlının bu ağır illərdəki yükünü xeyli azaltmağa nail olmuşdu. Baxmayaraq ki, İranın büdcəsi cəmi 5 milyard ABŞ dolları təşkil edirdi (indiki büdcənin cəmi 8 %). İraq-İran müharibəsinin ən ağır çağında isə, 1985-ci ildə, İslam Respublikasının tarixində inflyasiyanın ən aşağı göstəricisi qeydə alındı. İranın düçar olduğu ağır iqtisadi böhranı nəzərə alsaq, Musəvinin şanslarının xeyli artdığını etiraf etməliyik.
Digər bir amil də Mir-Hüseyn Musavinin xeyrinə işləməkdədir. Artıq neçə illərdir ki, İran xalqı daim gərginlik içində yaşamaqdadır. İqtisadi sanksiyalar, hərbi təcavüzlə təhdidlər. Əlbəttə ki, bütün bunlar heç də İslam yolunu seçmiş xalqın amallarından üz döndərəcəyinə səbəb ola bilməz. Amma müəyyən bir mənəvi yorğunluq da mövcuddur. Əhmədinejadın kəskin bəyanatları və hardasa barışığa minimal şanslar qoyan siyasətinin əvəzinə Musəvinin mülayim və konsensus arayışına yönələn siyasətinin gəlməsini çoxları arzulaya bilər. Bu istiqamətdə islahatçıların namizədi artıq real fəaliyyətə də başlayıb. Musəvi bəyan edib ki, Tehranın nüvə proqramını hərbi məqsədlər üçün istifadə etməyəcəyinə dair “təminat” verməyə hazırdır. Eyni zamanda, o, nüvə proqramını tamamilə dondurmağın da tərəfdarı deyil. Bir misal kimi bunun 2003-2005-ci illərdə reallaşdığını və heç də “müsbət təcrübə” olmadığını vurğulayan Musəvi, müəyyən mənada Qərbə də sərf edən bir namizəddir.
Rəfsəncani faktoru
8 il İranın prezidenti olmuş Əli Əkbər Rəfsəncani İalam Respublikasının ən nüfuzlu və təsir dairəsi olduqca geniş olan siyasi fiqurlarındandır. Əhmədinejadın ötən seçkilərdə onun yenidən prezident seçilməsinə mane olması, yəqin ki, bu böyük siyasətçinin xatirindən silinməyib. Rəfsəncaniylə Əhmədinejadın qarşılıqlı əlaqələrinin soyuq keçmişi birincinin (güclü komandası ilə birlikdə) məhz Mir-Hüseyn Musəviyə “stavka” edəcəyini zəruri edir. Bu isə o deməkdir ki, mühafizəkar düşərgənin də nəzərəçarpacaq hissəsi seçkilərdə elə Musəvini dəstəkləyəcək. Bu faktor islahatçı eks-baş naziri həm də mühafizəkarların “namizədi” edir və mühafizəkarlar düşərgəsini məhz Musəvinin xeyrinə parçalayır.
Son söz xalqındır
Beləliklə də, nəzər saldıqlarımıza əsasən, məhz Musəvinin İranın növbəti prezidenti olacağını söyləmək olar. Bəzi qüvvələr əslən azərbaycanlı olan və İslam Respublikasının Ali dini rəhbəri Seyyid Əli Xameneiyə qohumluğu çatan siyasətçinin (Mir-Hüseyn Musəvi də Ayətullah Xamenei kimi, Təbriz yaxınlığındakı Xamenə qəsəbəsindəndir) məhz Rəhbərlə münasibətlərinin bir o qədər isti olmadığını, Xameneinin Əhmədinejada üstünlük verməsini və bu amilin sonda həlledici rol oynayacağını da bildirirlər. Amma bu iddialar bir o qədər ciddi qəbul edilə bilməz. Dini rəhbərin hazırki prezidentə aşkar dəstək verməsi mümkünsüzdür. Məhz belə olacağı təqdirdə xalq arasında böyük nüfuza malik Xameneinin mövqeyi Əhmədinejada əlavə səslər qazandıra bilərdi. Seçkilərin nəticələrinin təhrif edilməsi də ağılabatan deyil. Hər halda, müasir İran 30 illik tarixi ərzində dəfələrlə demokratik seçkilər keçirmək bacarığını ortaya qoyub. Üzümüzə gələn seçkilər də istisna olmayacaq. Amma bu seçkilər, zənnimizcə, 3 onillikdə keçirilən ən qızğın və İran İslam Respublikasının preoritetləri baxımından, ən həssas, deməli, olduqca maraqlı bir seçki olacaq.
P.S. Sonda isə bir zəruri qeyd. İstənilən proqnozlar yalnız proqnoz olaraq qalır. Son sözü xalq deyəcək. Elə 2005-ci il prezident seçkilərində bütün proqnozları alt-üst edən nəticələri yada salmaq kifayətdir.
«Yeni Şərq»
İRANDAKI PREZİDENT SEÇKİLƏRİ: MUSƏVİ - ƏHMƏDİNEJAD QARŞIDURMASI
Kim daha şanslıdır?