Yüzlərlə adam Fransa, Niderland və İtaliya səfirliklərinin binalarına daş, yumurta, pomidor atıb
Tehranda İrana qarşı sanksiyaların sərtləşdirilməsini tələb edən Avropa ölkələrinin mövqeyinə etiraz əlaməti olaraq aksiyalar keçirilib. Yüzlərlə adam Fransa, Niderland və İtaliya səfirliklərinə hücum edib.
Aksiya iştirakçıları “Sarkozi və Berluskoniyə ölüm!” şüarını səslənliriblər və səfirlik binalarına daş, pomidor, yumurta atıblar. Diplomatik nümayəndəliklərin əməkdaşları arasında xəsarət alanlarla bağlı məlumat yoxdur.
İtaliyalı diplomatlar əmindirlər ki, aksiyanı İran hakimiyyəti təşkil edib və bununla “xalq dəstəyi”ni nümayiş etdirmək istəyir. İtaliyanın xarici işlər naziri Franko Frattini bildirib ki, səfirliklərə qəzəblənmiş İran vətəndaşları yox, hakimiyyətə yaxın könüllü yarımhərbi dəstələrin döyüşçüləri hücum ediblər. /anspress/