İranda iri miqyaslı təxribatın qarşısı alınıb

İranın Müdafiə Nazirliyinin Tehranda yerləşən zavodlarından birində təhlükəsizlik qüvvələri tərəfindən iri miqyaslı təxribatın qarşısı alınıb.

APA-nın vesti.ru saytına istinadən verdiyi xəbərə görə, «Komale» kürd ekstremist təşkilatının üç yaraqlısı saxlanılıb və onlardan iki ədəd güclü partlayıcı qurğu, üç avtomat, çoxlu sayda sursat müsadirə olunub.

İranın İnformasiya Nazirliyinin məlumatına görə, saxlanılan şəxslər qonşu İraq ərazisində təlim keçərək təxribat fəaliyyəti üçün Amerika istehsalı olan ləvazimat alıblar.

Qeyd edək ki, üç gün əvvəl İranın şimali-qərbində dörd nəfər «Komale» yaraqlısının məhv edildiyi barədə xəbər verilib. Bu təşkilatın üzvləri sol ekstremist mövqedən çıxış edərək Kürdüstanın müstəqilliyi uğrunda İslam Respublikasına qarşı hərbi mübarizə aparır.

İran mənbələrinin məlumatlarına görə, bu qruplaşma Türkiyədə fəaliyyət göstərən Kürd Fəhlə Partiyası (PKK terror təşkilatı) ilə sıx əlaqə saxlayır.

В этом разделе