İrana məxsus 2 təyyarə İstanbula məcburi eniş edib

İran aviaşirkətlərinə məxsus 2 sərnişin təyyarəsi bu gün – avqustun 26-da Türkiyənin İstanbul şəhərindəki Atatürk hava limanına məcburi eniş edib.

APA-nın “Doğan” xəbər agentliyinə (DHA) istinadən verdiyi məlumata görə, İranın “Mahan Air” şirkətinə məxsus olan və Tehran-Düsseldorf reysi ilə hərəkət edən “Airbus A300” tipli təyyarənin motorunda nasazlıq yaranıb. Pilotlar təyyarənin motorunda alov görüblər. İçində 209 sərnişin və 18 ekipaj üzvü olan təyyarə Türkiyə vaxtı ilə saat 10.02-də Atatürk hava limanına enib.

Bu hadisədən bir qədər sonra “İran Air” şirkətinin Tehran-Stokholm reysi ilə uçan “Airbus A300” təyyarəsi də problemlə üzləşib. Bolqarıstan hava məkanına daxil olarkən motorunda nasazlıq yaranan təyyarənin pilotları Türkiyə ilə əlaqə saxlayaraq İstanbul aeroportuna enmək istədiklərini bildiriblər. İçində 236 sərnişin və ekipaj üzvü olan təyyarə Türkiyə vaxtı ilə saat 11.09-da Atatürk hava limanına enib.

Hazırda hər iki təyyarə texniki baxışdan keçirilir. Sərnişinlər təyyarələrin içində gözləyir. Mütəxəssislərin rəyindən sonra təyyarələrin yola davam edib-etməyəcəyinə qərar veriləcək.

В этом разделе