İrana həmlə edən təxribatçı virusu İsrail kəşfiyyatı hazırlayıb.

“Stuxnet” adlı virus Buşəhr AES-ə çatıb, onun Azərbaycanda da yayıldığı bildirilir

İranda sürətlə yayılmaqda olan və iri sənaye müəssisələrini, o cümlədən elektrik stansiyalarını idarə edən kompüter şəbəkələrinə daxil olaraq dağıdan “Stuxnet” adlı virusu İsrail kəşfiyyatı hazırlayıb. “New York Times” qəzeti Amerika kəşfiyyatının keçmiş əməkdaşına istinadən yazıb ki, heç bir antivirus proqramının öhdəsindən gələ bilmədiyi virus proqramının müəllifi İsrailin “Unite 8200" adlı məxfi qurumudur. Virus ötən ildən İranda yayılır, bu ölkənin nüvə obyektlərində vaxtaşırı olaraq yaranan texniki problemlərin də ”Stuxnet" işi olduğu bildirilir. Son məlumatlara görə, “Stuxnet” artıq İranın Buşəhr Atom Elektrik Stansiyasının kompüter şəbəkəsinə də daxil olub.

Virusun stansiyanın zənginləşdirilmiş uran istifadə edən reaktorlarının işini əngəllədiyi haqda məlumatlar var. Buşəhr AES-in layihə rəhbəri Mahmud Cəfəri virusun obyektin kompüter şəbəkəsinə daxil olduğunu, lakin heç bir ciddi fəsad törədə bilmədiyini deyib. Bununla belə, ekspertlər virusun kifayət qədər təhlükəli tərəflərindən biri kimi onun uzun müddət daxil olduğu şəbəkədə gizlənib fürsət gözləməsini qeyd edirlər. “Stuxnet” öz-özünü yeniləyən virus olmaqla bərabər istənilən anda zəif nöqtə taparaq hücuma keçə bilər. 
Həmçinin bu virusun iri sənaye obyektlərini idarə edən şəbəkələrə nəzarəti ələ alaraq onu istədiyi kimi idarə etmək qabiliyyəti də var. Məsələn, virus istənilən vaxt daxil olduğu obyektdə hansısa qurğunu işə sala bilər. Əgər söhbət nüvə reaktorundan və başqa təhlükəli obyektlərdən gedirsə, o zaman “Stuxnet”in kütləvi tələfata səbəb olan fəsadlar törədə bilməsi istisna deyil. Xarici mənbələrdə yer alan məlumatlara görə, virus İranda 60 mindən çox kompüterə daxil olub. İndoneziya, Hindistan, Azərbaycan və ABŞ-da da virusun yayıldığı bildirilir, ancaq yayılmanın miqyasını müəyyən etmək çətindir. Kiber təhlükəsizlik məsələləri üzrə ABŞ-ın keçmiş koordinatorlarından Melissa Heyzvay deyir ki, virusun yayılması ciddi problemdir. Çünki heç bir ölkə onun qarşısını almağa qadir deyil: “Vəziyyət kifayət qədər dramatikdir. Bu virusun bəzi hakerlərin əlinə keçməsini əngəlləmək üçün cəmi 90 gün vaxtımız var”. Ekspert deyir ki, dünyada bir çox hakerlər “Stuxnet”dən faydalanaraq bu tipli viruslar hazırlamaq üzərində işləyir.

F.MƏMMƏDOV

В этом разделе