İRAN NÜVƏ SİLAHI ƏLDƏ ETMƏYƏ YAXINDIR

Xüsusi olaraq yaradılan gizli qurum bombanı hazırlamaq üçün dini liderin əmrini gözləyir
Qərbin kəşfiyyat qurumları İranın nüvə silahı hazırlamaq üçün bütün imkanlara malik olduğu haqda xəbər yayıb. “The Times” qəzetinin yazdığına görə, İran nüvə silahı əldə etmək üçün bütün texnologiyaları və zəruri miqdarda zənginləşdirilmiş uranı əldə edib.
Həmin zənginləşdirilmiş uranı nüvə başlığına çevirmək və onu “Şahab-3" ballistik raketində yerləşdirmək üçün cəmi bir neçə ay lazımdır. Bildirilir ki, İranın nüvə proqramı üzərində yüzlərlə alim və mühəndis işləyir. Hərbi xarakterli nüvə proqramı əsasən Natanz şəhəri yaxınlığındakı yeraltı nüvə obyektində aparılır. Proqramı koordinasiya etmək üçün fizika üzrə alim Möhsün Fəxrizadənin rəhbərliyi altında ”Amad" adlı xüsusi gizli qurum yaradılıb. Fəxrizadə həm də İran İnqilab Keşikçiləri Şurasının üzvüdür.
Kəşfiyyat orqanlarındakı mənbənin məlumatına görə, İran bir tondan yuxarı 3.9 faizli zənginləşdirilmiş uran əldə edib. Bu urandan 30 kiloqram yüksək faizli zənginləşdirilmiş plutonium əldə etmək mümkündür. Həmin miqdarda plutonium isə bir-ki nüvə başlığı üçün kifayət edir. Hazırda İrana qarşı hərbi əməliyyatlar planı üzərində işləyən İsraildə isə hesab edirlər ki, Natanzdakı nüvə obyektinin vurulması nüvə fəaliyyətlərini ancaq yavaşıda bilərdi.
Xəbər verildiyi kimi, ABŞ İsrailin İrana qarşı təkbaşına hərbi əməliyyatlara başlamasını önləmək üçün səylər göstərir. Bununla belə, İsrail əmin edilib ki, əgər məsələni diplomatik yolla həll etmək mümkün olmasa ABŞ özü İrana qarşı hərbi əməliyyatlara başlayacaq. İranın nüvə silahına nə zaman malik ola biləcəyi haqda məlumatlar və proqnozlar arasında ziddiyyətlər var. Amerika kəşfiyyatına görə, bu müddət 2-3 il çəkə bilər. İsrail kəşfiyyatı bir neçə aydan 1 ilə qədər müddət hesablayıb. Avropa ölkələrinin kəşfiyyatı da bu qənaəti bölüşür.


В этом разделе