İran nüvə mütəxəssisinə sui-qəsdlə bağlı BMT-yə müraciət edib

Tehran bu cür cinayətlərin arxasında xarici qüvvələrin dayandığına dair dəlilllərə malik olduğunu bəyan edir

İran rəhbərliyi ötən gün paytaxt Tehranda nüvə alimi Mustafa Əhmədi-Roşanın ölümü ilə nəticələnmiş partlayışla bağlı BMT-yə müraciət edib. İranın BMT-dəki daimi nümayəndəsi Məhəmməd Xəzai təşkilatın baş katibi Ban Ki Muna, Baş Assambleyanın prezidenti Cozef Deisə və Təhlükəsizlik Şurasının üzvlərinə ünvanlanmış məktubda bildirib ki, heç bir siyasi və iqtisadi təzyiq, həmçinin mütəxəssislərə qarşı hücumlar Tehranı dinc nüvə proqramının inkişafı yolundan çəkindirməyəcək. Onun sözlərinə görə, Tehran bu cür cinayətlərin arxasında hər hansı xarici kvartetin durduğu ilə bağlı güclü dəlillərə malikdir. Ancaq o, həmin kvartetin üzvlərini açıqlamayıb. "İranın müvafiq təhlükəsizlik nümayəndələrinin topladığı mövcud dəlillərə əsaslanaraq əvvəlki oxşar insidentlər kimi bu dəfə də iranlı nüvə aliminin qətlində eyni terror üsulundan istifadə edilib"- məktubda belə deyilir.

Məhəmməd Xəzai BMT Təhlükəsizlik Şurasını iranlı alimlərin qətlini pisləməyə çağırıb və bu qətlləri qəddar, insafsız və cinayətkar terror aktları adlandırıb- "anspress" IRNA-ya istinadən xəbər verir.


Natanzda uran zənginləşdirilməsi üzrə zavodda çalışan Əhmədi-Roşanın qətlini ABŞ da pisləyərək Vaşinqtonun İranda törədilən zorakılıq aktlarının heç birində əli olmadığını bəyan edib.

Qeyd edək ki, 32 yaşlı alim Mustafa Əhmədi Roşan ötən gün səhər saatlarında paytaxt Tehranda törədilmiş partlayışda öldürülüb. Onun avtomobilinin keçdiyi yolda törədilmiş partlayışda iki nəfər də yaralanıb. Partlayış 2010-cu ilin yanvarında Tehranda törədilmiş partlayışda digər nüvə alimi Məsud Əli Məhəmmədinin ölümünün ikinci ildönümündə baş verib.

В этом разделе