Hazırda İranda iki nüvə reaktoru fəaldır
İran nüvə enerjisi ilə bağlı xidmətləri ixrac etməyə hazırdır. Trend-in məlumatına görə bunu İranın Atom Enerjisi Təşkilatının rəhbəri Firudin Abbasi bildirib.
Press TV xəbər verir ki, Abbasi bu bəyanatı şənbə günü Bəndər-Abbas şəhərində nüvə texnologiyaları üzrə sərginin açılışında verib.
Təşkilatın rəhbəri deyib ki, İran artıq tibdə istifadə olunan ağır su (deyterium oksidi) istehsal edə bilər.
Abbasi əlavə edib ki, əldə olunmuş son nailiyyətlərə əsasən ölkə uranın 20 faizədək zənginləşdirilməsinə nail olacaq.
Onun sözlərinə görə, Qum şəhəri yaxınlığındakı uranın zənginləşdirilməsi üzrə "Fordo" müəssisəsi yaxın gələcəkdə fəaliyyətə başlayacaq.
İran uranın zənginləşdirilməsi proqramını BAEA qanunları çərçivəsində və sülhməramlı məqsədlər üçün davam etdirəcəyini bildirir. Hazırda İranda iki nüvə reaktoru fəaldır, Buşəhr nüvə stansiyası üçün 3,5 faiz zənginləşdirilmiş urandan istehsal olunmuş yanacaq və Tehranın Əmirabad reaktoru üçün 19,75 faizlik uran yanacağı lazımdır.