Hörmüz boğazında ilk hərbi insident: İran katerləri yüksək sürətlə Amerika gəmisinə yaxınlaşıb
ABŞ-la İran arasında gərginlik artan xətt üzrə inkişaf etməkdədir və gözlənilir ki, yaxın iki həftədə Tehranın strateji əhəmiyyətli Hörmüz boğazında başlayacağı irimiqyaslı hərbi manevrlərlə daha da yüksələcək. Bu arada CNN telekanalı xəbər verib ki, Hörmüz boğazında Amerika və İran hərbi donanmaları arasında ilk insident baş verib. Pentaqon yanvarın 6-da baş vermiş bu insidentin videogörüntülərini telekanala təqdim edib.
Oradan məlum olur ki, İranın sürətli katerləri ABŞ-ın Hörmüz boğazına göndərdiyi “New Orleans” gəmisinə yüksək sürətlə yaxınlaşır və qızışdırıcı manevrlər edir. İran katerlərinin böyük hərbi gəmiyə 450 metrə qədər yaxınlaşdığı bildirilir. Amerika gəmiləri onları yaxınlaşmamaq barədə xəbərdar etsə də, bu xəbərdarlığa məhəl qoyulmur. Bildirilir ki, Amerika gəmisinin heyətinə katerlərə atəş açmağa hazır olmaq əmri verilib. Bir neçə manevrdən sonra İran katerləri uzaqlaşıb.
Həmin gün daha bir insident Küveyt sahillərində qeydə alınıb. İran katerləri bu dəfə də böyük sürətlə Amerika sahil mühafizə qüvvələrinin keşikçi gəmisinə yaxınlaşıb. Katerlərin göyərtəsində əllərindəki silahla atəş açmağa hazır vəziyyətdə olan İran hərbçiləri görünüb. Bu dəfə də Amerika hərbçilərinin etdikləri xəbərdarlıqlara məhəl qoyulmayıb. Baş verənlər tərəflər arasında əsəb müharibəsinin getdiyini göstərir. Xəbər verildiyi kimi, ABŞ İranın Hörmüz boğazını bağlamaq hədələrinə cavab olaraq regiona böyük sayda hərbi qüvvələr - üç təyyarədaşıyan gəmi qruplaşması və onlarla müxtəlif tipli gəmi cəmləşdirib. Birləşmiş Ştatlar xəbərdarlıq edir ki, İranın boğazı bağlamasına cavab olaraq bu ölkəyə dağıdıcı zərbə endirməyə hazırdır.
Digər xəbərə görə, dünən səhər İran neft ixrac edən ərəb ölkələrinə qarşı hədələyici bəyanatla çıxış edib. İRNA agentliyinin yaydığı bəyanatda deyilir ki, bu ölkələr Avropa İttifaqının neftə olan tələbatını ödəmək üçün hasilatı artırmaqdan çəkinməlidir. Gözlənilir ki, yanvarın sonunda Aİ İrandan neft idxalını qadağan edən qərar verəcək. Neftə olan tələbat isə OPEC-ə daxil olan digər ölkələrin hasilatı artırması hesabına ödəniləcək. İran xəbərdarlıq edib ki, əgər ərəb ölkələri Aİ-nin tətbiq edəcəyi embarqo nəticəsində yaranacaq qıtlığı aradan qaldırmaq üçün hasilatı artırsa, bunun “ağlasığmaz nəticələri” olacaq. “Qonşu ərəb ölkələri bu avantüradan qaçmalıdır. Biz onlara ağıllı siyasət aparmağı məsləhət görürük”, deyə bəyanatda bildirilir. İran həmçinin Tehranda sui-qəsddə öldürülən nüvə aliminə görə Birləşmiş Ştatları ittiham edib. Bildirilir ki, İran XİN bu sui-qəsddə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin əli olduğuna dair dəlilləri Vaşinqtona göndərib. Bildirilir ki, sui-qəsddə Britaniya kəşfiyyatının da əli var. İranın nüvə alimi Mustafa Əhmədi Roşan bir neçə gün əvvəl öldürülüb. O, Natanz nüvə zavodunun direktor müavini idi./Yeni Müsavat/