İran ABŞ-a növbəti dəfə xəbərdarlıq edib

“ABŞ bölgədə müharibə başlatmaq üçün qərar qəbul edə bilər, amma bu müharibəni bitirmək onun əlində olmayacaq”

“ABŞ bölqədə müharibə başlatmaq üçün qərar qəbul edə bilər. Amma bu müharibəni bitirmək onun əlində olmayacaq”. Bunu İran Baş qərargah rəisinin müavini General-mayor Məsud Cəzairi deyib. "ANS PRESS"in məlumatına görə Cəzairi ABŞ-ın Yaxın Şərqdəki hərbi varlığının əsas məqsədinin bölgədə qalmaqal yaratmaq, silah satmaq üçün özünə uyğun şərait yaratmaq olduğunu deyib. İrana qarşı hər hansı bir hərbi addım atmamaq üçün ABŞ-a dəfələrlə xəbərdarlıq etdiklərini deyən General-mayor bildirib ki, Amerika bu müharibənin altından çıxa bilməz.

İranlı general ABŞ-ın daxili problemləri örtbasdır etmək üçün düşmən axtarışında olduğunu iddia edib: “Bir vaxtlar bu düşmən Sovet ittifaqı idi, indi isə İrandır. Sionist İsrail öz məqsədinə çatsın deyə ABŞ regionda İranafobbidən vasitə kimi istifadə edir. ABŞ və sionist rejim olmasa bölgədəki ölkələr arasında heç bir problem qalmaz”.

Məsud Cəzairi Yaxın Şərqdə təhlükəsizliyin sadəcə region dəvlətləri tərəfindən təsis edilə biləcəyini deyib.

Qeyd edək ki, rəsmi Tehran güman olunan hər hansı bir hərbi əməliyyata qarşı ABŞ-ın bölgədə olan hərbi bazalarını və İsrailin nüvə reaktorlarını vuracağını deyib.

В этом разделе