“Ermənistan işğal altında saxladığı Azərbaycan torpaqlarından çıxmayana kimi İran bu ölkəyə taxıl verməyəcək”

Bu eksklüziv açıqlamanı APA-ya İran İslam Şurası Məclisinin Ərdəbildən olan deputatı, İran-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Seyid Kazım Musəvi verib

Millət vəkili bu il Rusiyada quraqlıq olduğunu, əkin sahələrinin 20 faizinin yarasız vəziyyətə düşdüyünü xatırladıb: “Bu səbəbdən aydın məsələdir ki, Rusiya xarici ölkələrə, o cümlədən Ermənistana taxıl ixracını dayandıracaq. Ermənistan Azərbaycanın işğal etdiyi torpaqlarını azad etməyənə qədər İranın bu ölkəyə taxıl ixracından söz gedə bilməz”.

Seyid Kazım Musəvi bildirib ki, İran son illərdə həm Dağlıq Qarabağ münaqişəsi, həm də Xocalı soyqırımı ilə bağlı mövqeyini dəfələrlə açıqlayıb: “Biz Azərbaycanı bu məsələdə həmişə haqlı bilmişik, Ermənistanı isə bir təcavüzkar və işğalçı ölkə kimi həmişə tənqid etmişik. Bu məsələdən sonra Ermənistana taxıl ixracı və Ermənistanın İrandan taxıl alması mümkün olan iş deyil. Azərbaycan İranla dost və qardaş olan bir ölkədir. Biz Azərbaycanın ərazi bütövlüyünü ilk tanıyanlardan olmuşuq. Azərbaycanın haqq sözünü həmişə beynəlxalq toplantılarda müdafiə edirik. İran Azərbaycanla müştərək tarixi əlaqələrə malikdir”.

Millət vəkili Buşəhr atom-elektrik stansiyasının fəaliyyətə başlamasının qonşu ölkələr üçün də faydalı olacağını deyib: “Əgər Amerika və İsrail Buşəhr atom-elektrik stansiyasını vursalar, bu, təkcə İran-ABŞ müharibəsi olmayacaq, bu bir dünya müharibəsinə çevriləcək. Belə olan təqdirdə İsrail və ABŞ-ın bütün ölkələrdə olan obyektlərini vuracağıq. Biz zorakılıqla danışıqlara getməyəcəyik. Bu barədə rəhbərimizin və dövlətimizin mövqeyi bəllidir”.

В этом разделе