Ayətullah Xamenei : “Sionist rejim, xərçəng xəstəliyi kimidir”

Ayətullah Xamenei

İsra.az internet qəzetinin Leader.ir saytına istinadən verdiyi xəbərə əsasən İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei sonuncu peyğəmbər, nur, ədalət və rəhmət elçisi Həzrət Məhəmməd Mustafanın mübarək doğum günü, habelə Peyğəmbər ailəsinin Sadiqi, İmam Cəfər Sadiqin (ə) təvəllüdü münasibətilə hökumət rəsmiləri və xalqın müxtəlif təbəqələrinin nümayəndələri ilə görüşdü.

Ali Məqamlı Rəhbər çıxışında İslam həqiqətlərinin öyrənilməsini və sonuncu Peyğəmbərin (s) təlimlərinə əməl olunmasını İslam ümmətinin başlıca və təxirəsalınmaz ehtiyacı adlandırdı. O, qeyd etdi ki, müxtəlif müsəlman məzhəblərinin tərəfdarlarının bir yumruqda birləşməsi İslam dünyasının problemlərini həll edəcək, onu inkişaf və yüksəlişə doğru aparacaq yeganə amildir”.

Üçlü hakimiyyət qüvvələrinin başçılarının, Qurumun Mənafeyini Müəyyənləşdirən Şuranın sədrinin, habelə “İslami birlik” konfransında iştirak edən müxtəlif qonaqların və alimlərin, müsəlman ölkələrinin səfirlərinin iştirak etdiyi bu görüşdə Həzrət Ayətullah Xamenei simasında bütün ilahi fəzilətlərin cəmləşdiyi, varlıq aləminin dühaları içərisində ən seçilmişi olan Həzrət Məhəmməd İbn Əbdullahın (s) tarixdə dönüş nöqtəsi yaratmış, bərəkətli təvəllüdü, həmçinin Peyğəmbərin (s) həqiqi vəsisi, o Həzrətin gətirdiyi əsl, xalis İslamın carçısı olan İmam Cəfər Sadiqin doğum günü münasibətilə hamını təbrik edərək əlavə etdi: “Bəşəriyyət yüksək insani keyfiyyətlərini və mənəvi-əxlaqi fəzilətlərini İslam Peyğəmbərinin (s) müqəddəs və nurani varlığının qatı cəhalət, pozğunluq və qəflət zülməti içərisində dünyaya gəlişinə borcludur”.

Ali Məqamlı Rəhbər qeyd etdi ki, hazırda İslam ümməti sonuncu Peyğəmbərin (s) bəşəriyyətə göstərdiyi nurlu yol barədə dərindən düşünməyə, o Həzrətin təlimlərindən ibrət almağa son dərəcə böyük ehtiyac duyur. O, dünya üzrə müsəlmanların sayca çoxluğuna, müsəlman ölkələrinin son dərəcə münasib coğrafi mövqeyinə, təbii resurslarına və istedadlı insan potensialına toxunaraq belə bir prinsipial sualı ortaya qoydu: “Bu cür keyfiyyətlərə malik olan möhtəşəm bir toplum nəyə görə çaşqınlıq və sərgərdanlıq içərisindədir? Yoxsulluq, hüquqlarının tapdalanması, elm və sivilizasiya baxımından gerilik kimi problemlərin məngənəsində çapalayaraq dünyadakı hegemon qüvvələrin qarşısında öz hüquqlarını müdafiə edə bilmir?”

İslam İnqilabının Rəhbəri İslam dünyasının müsəlmanların hüquqlarını müdafiə etmək iqtidarında olmadığına sübut olaraq Fələstin məsələsini nümunə gətirərək qeyd etdi: “Müqəddəs və tarixi bir diyar olan Fələstinin qəsb edilməsi, cinayətkar sionistlərin məzlum Fələstin xalqını uzun müddətdir ki, məruz qoyduğu bitib-tükənmək bilməyən zülm İslam ümmətinin vahid orqanizminə vurulmuş, ona daim əziyyət verən böyük bir yaradır. Lakin bütövlükdə götürsək, müsəlman dünyası özünü elə aparır ki, sanki Fələstin probleminin ona aidiyyatı yoxdur”.

Qondarma sionist dövləti olan İsraili “təhlükəli xərçəng şişi” adlandıran Həzrət Ayətullah Xamenei əalvə etdi: “Bu öldürücü şişə və onun havadarlarına qarşı yeganə mübarizə yolu İslama qayıdış və kəramətli İslam Peyğəmbərinin (s) təlimlərini rəhbər tutmaqdır”.

İslam dünyasının müsəlmanların hüquqlarını müdafiə etməkdə acizliyinin səbəblərini açıqlayan Ali Məqamlı Rəhbər Amerika, İngiltərə və İslamın digər düşmənlərinin daim müsəlman ümmətinin içərisinə təfriqə salmağa cəhd göstərdiklərini deyərək vurğuladı: “Bu işğalçı hegemonlar yaxşı bilirlər ki, ixtilaf və ikitirəlik İslam ümmətinin diqqətini olduqca əhəmiyyətli olan Fələstin problemindən yayındırır. Elə buna görə də onlar mümkün olan bütün vasitələrlə şiələrin, sünnilərin və digər məzhəblərin ardıcıllarının qəlbində etnik, məzhəb və coğrafi əsaslı qarşıdurmaların odunu körükləyirlər”.

İslam İnqilabının Rəhbəri birlik və həmrəyliyi böyük İslam ümmətinin ən mühüm ehtiyacı adlandırdı, müsəlman ölkələrinin administrasiyalarını, alim və ziyalılarını, siyasi-ictimai fəallarını müsəlman birliyinə nail olmaq işində öhdələrinə düşən vəzifəyə əməl etməyə çağıraraq əlavə etdi: “Müsəlmanların oyanışı daha da genişlənərək dərinləşsə, onlar bir-birinə qəlbən daha da yaxın ola bilsələr, qarşılarında birgə əməkdaşlıq, inkişaf və yüksəliş üçün geniş yollar açılacaq və İslam dünyasının bir çox problemləri, o cümlədən Fələstin məsələsi öz həllini tapacaq”.

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, İslamdakı bütün məzhəblər işğala məruz qalmış müsəlman torpaqlarının müdafiəsinin vacib olmasında həmrəydirlər. O, əlavə etdi: “Bu həmrəyliyə baxmayaraq, təəssüflər olsun ki, İslam dünyası ABŞ və İngiltərənin şiə, sünni və digər müsəlman məzhəbləri arasında təfriqə salmaq məqsədilə qurduğu planların təsiri altındadır”.

İslam İnqilabının Rəhbəri müsəlmanların vəhdətinin və Fələstin məsələsində məzlum fələstinlilərin dəstəklənməsinin İran İslam Respublikasının prioritet hədəflərindən olduğunu dedi, İmam Xomeyninin (r.ə) daim müsəlmanların birliyi və Fələstin məsələlərini vurğuladığını xatırladaraq əlavə etdi: “İslam Respublikası, bütün dövlət rəsmiləri və böyük İran xalqı bu prinsipial problemlərə şəriətin vacib hesab etdiyi məsələlər kimi yanaşır; onların bu barədə sözü və mövqeyi daim bir olub və bir olaraq da olacaq!”

Ali Məqamlı Rəhbər İslam ümmətinin günü-gündən artan oyanışının, xalqların “Fələstini müdafiə!” çağırışlarının İslam Respublikasının haqq sözünün müsəlman ictimaiyyətinin zehnində olduqca müsbət inikası kimi dəyərləndirərək əlavə etdi: “İslam dövlətləri də əziz İslam Peyğəmbərinin (s) yolunu davam etdirərək müsəlmanların vəhdəti və xüsusilə də “öldürücü xərçəng şişi olan qəsbkar İsrailə və onun himayədarlarına” qarşı mübarizədə hüquqlarının qorunması uğrunda çalışmalıdırlar ki, Allahın yardımı ilə, İslam ümməti bu dünyada və axirətdə tərəqqi, rifah və səadətə qovuşa bilsin”.

Görüşün əvvəlində İran prezidenti cənab Əhmədi Nejad “sevgi və eşq Peyğəmbəri”, “elm və hikmət elçisi” Həzrət Məhəmmədin (s) təvəllüdü münasibətilə iştirakçıları təbrik edərək dedi: “Bəşər cəmiyyəti bu gün “cəhalət və işğalçılığa”, “aqresiya və təhqirlərə”, “diskriminasiya və təzyiqlərə” son qoymaq, ədalət və monoteizmin bərqərar olması sayəsində insanların istedad və potensialını çiçəkləndirə bilmək üçün Peyğəmbəri-Xatəmin (s) məktəbinə və təlim etdiyi bilgilərə həmişəkindən daha artıq möhtacdır”.

Cənab Əhmədi Nejad ilahi peyğəmbərlərin sonuncusu Həzrət Məhəmməd Mustafanın (s) təvəllüdünün bəşəriyyətə səadət bəxş edəcək bir çox ismarışları ehtiva etdiyini deyərək əlavə etdi: “Əzəmətli İslam İnqilabının qələbəsi ilə imanlı və vüqarlı İran xalqı haqq-ədalətin, pak mənəviyyatın bayraqdarına çevrilib. Xalqımız bu müqəddəs yola birgə və həmrəy surətdə davam edəcək!”

Görüşün axırında İslam Konfransının iştirakçısı olan alimlərdən bir qrupu Ali Məqamlı Rəhbərlə yaxından görüşüb səmimi söhbət etdilər.

В этом разделе