Türkiyə baş nazirinin xüsusi elçisi İsrailə gedib

Firudin Sinirlioğlu bu ölkədə israilli həmkarı ilə görüşüb

Bu gün Türkiyə Xarici İşlər Nazirliyinin aparat rəhbəri, baş nazirin xüsusi elçisi Firudin Sinirlioğlu İsrailə səfər edib. Türkiyə mətbuatının yaydığı məlumata görə, Sinirlioğlu bu ölkədə israilli həmkarı ilə görüşüb. Görüş zamanı Türkiyə-İsrail münasibətlərinin yaxşılaşdırılması yolları barədə müzakirələr aparılıb.

Qeyd edək ki, bu gün Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimovun da bu ölkəyə səfəri başlayır. İsrailin “İzrus” portalının yaydığı məlumata görə, Araz Əzimov səfər çərçivəsində mayın 6-da israilli həmkarı Dani Ayalonla görüşəcək. Bundan başqa, İsrailin Xarici İşlər Nazirliyi Araz Əzimovun nazir Aviqdor Libermanla də görüşünü təşkil etməyə çalışacaq. Səfərin çoxdan planlaşdırıldığı və iki ölkə arasında siyasi və iqtisadi əlaqələrin aktiv inkişafı və dialoqun qurulması çərçivəsində həyata keçirildiyi bildirilir.

Xatırladaq ki, Azərbaycan XİN-in mətbuat xidmətindən ANS PRESS-ə bildirilib ki, nazir müavininin səfəri barədə onlarda heç bir məlumat yoxdur.

/www.anspress.com/

В этом разделе