SOMALİ PİRATLARI BMT-yə YÜK DAŞIYAN GƏMİNİ ƏLƏ KEÇİRDİ

Somali dəniz quldurları dünən daha bir iri yük gəmisini ələ keçirib. “Röyter” agentliyinin xəbərinə görə, Britaniyaya məxsus yük gəmisi BMT-yə yük daşıyırmış. 

Agentliklə əlaqə saxlayan quldurlardan biri deyib ki, gəminin göyərtəsində sənaye avadanlıqları, o cümlədən üzərində “BMT” yazılmış ağ rəngli maşınlar var.
Gəminin Hind okeanı sularında, Seyşel adaları yaxınlığında ələ keçirildiyi bildirilir. Məlum olub ki, Britaniya şirkətlərindən birinə məxsus “Ariana” adlı yük gəmisinin heyət üzvlərinin hamısı Ukrayna vətəndaşlarıdır. Lakin dənizçilərin dəqiq sayı məlum deyil.
“Frans-Press” agentliyi isə xəbər verib ki, piratlar özləri gəminin hansı ölkəyə məxsus olduğunu müəyyən edə bilmir. Məlumata görə, quldurlar mayın 2-nə keçən gecə 2 yük gəmisini tutub. Onlardan biri BMT üçün yük daşıyan “Ariana” gəmisi, digəri isə hələlik hansı ölkəyə məxsus olduğu bilinməyən, Braziliyadan İrana sənaye məhsulları aparan gəmidir. Son məlumatlara görə, Somali piratlarının əlində hazırda 15 gəmi və 250-dən çox girov dənizçi var. Bölgədə bir neçə ölkənin iri hərbi dəniz qruplaşmaları olsa da ticarət gəmilərinin ələ keçirilməsinin qarşısını almaq mümkün olmur.
Yeni Musavat


В этом разделе