Sələfilər toy mərasimində həbs edilib

Azərbaycanın Xırdalan şəhərində həyata keçirilən əməliyyat zamanı həbs edilən dindarların adları açıqlanıb.

Abşeron rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, vəhhabi dini təriqətinə mənsub olduğu bildirilən - 1978-ci il təvəllüdlü Qabil Şükürov, 1951-ci il təvəllüdlü Qurban Cəfərov, 1981-ci il təvəllüdlü Elnur Nuriyev, 1969-cu il təvəllüdlü Sarvan Talıbov, 1975-ci il təvəllüdlü Nadir İdrisov, 1978-ci il təvəllüdlü Zöhrab Şıxalıyev, 1971-ci il təvəllüdlü Musa Musayev, 1981-ci il təvəllüdlü Elman Qasımov, 1975-ci il təvəllüdlü Sənan Talıbov və 1981-ci il təvəllüdlü Anar Zuluyev polis əməkdaşlarına müqavimət göstərməkdə təqsirli bilinirlər. Abşeron rayon Məhkəməsi saxlanılan dindarları Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı maqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə təqsirli bilərək, müxtəlif müddətlərə həbs cəzasına məhkum edib. Məlumatda, həmçinin, tutulan dindarların “Nərimanov rayon dindarları” Dini İcmasının üzvləri olduğu bildirilir. 

Məsələyə münasibətini bildirən “Nərimanov rayon dindarları” Dini İcmasının sədri, “Əbu Bəkr” məscidinin imamı Hacı Qamət Süleymanov APA-ya açıqlamasında adıçəkilən dindarların “sələfi camaatı”ndan olduğunu, onların polisə müqavimət adı altında dini baxışlarına görə həbs edildiklərini bildirib: “Ola bilər ki, onlar dini baxışlarına görə həbs ediliblər. Cəmiyyətdə elə qüvvələr var ki, bizə olan münasibəti pisləşdirmək istəyir. Lakin biz heç vaxt dövlətə qarşı olmamışıq. Əksinə, dövlətə qarşı olanların əleyhinə çıxmışıq”. “Əbu Bəkr” məscidinin Azərbaycanda radikallığa qarşı mübarizə aparan yeganə ibadət ocaqlarından biri olduğunu dilə gətirən Hacı Qamət “sələfi camaatı”nın hər zaman terrora qarşı çıxdığını da sözlərinə əlavə edib. 

Qeyd edək ki, Abşeron rayon Polis Şöbəsinin əməkdaşları rayonun Xırdalan şəhərində həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində vəhhabi dini təriqətinə mənsub olduğu bildirilən 10 nəfəri saxlayıb. “Nərimanov rayon dindarları” Dini İcmasının üzvü olan şəxslər Xırdalanda keçirilən toy mərasimində həbs olunublar.

Apa.az


В этом разделе