Rusiya erməni ordusunu cəsarətləndirir

Rusiyanın daxili bazar qiymətləri ilə Ermənistana silah satması üç ölkə prezidentləri arasında iyun ayının 25-də Kazanda keçiriləcək Qarabağ danışıqlarının uğurla başa çatacağını və bu müstəvidə də Moskvanın səmimiliyini şübhə altına alır.

 

İslam-Azeri.az İnternet Qəzetinin "Zaman Azerbaycan"-a istinadən verdiyi xəbərə görə, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı iyunun 11-də Moskvada Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirləri, həmçinin adıçəkilən hər üç ölkənin prezidentləri arasında bu ayın 25-də Kazanda keçiriləcək görüş ərəfəsində Kreml gözlənilməz bir addım atıb. Belə ki, “Hərbi-sənaye kuryeri” (“Voennıy-promışlennıy kuryer”) adlı jurnalın verdiyi məlumata görə, Rusiya hökuməti Ermənistana ölkədaxili qiymətlərlə silah satılması barədə göstəriş verib. Bununla əlaqədar “Hərbi-sənaye kuryeri” jurnalına açıqlamasında “Rosoboroneksport”un (Rusiya hərbi silahlarının satışı üzrə dövlət şirkəti-red.) mühüm tapşırıqlar üzrə icraçı direktoru Nikolay Dimidyuk ölkə rəhbərliyindən onlara müvafiq tapşırığın verildiyini bildirib. O xatırladıb ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olan ölkələrə silahın daxili bazar qiyməti ilə satılması barədə hələ bir neçə il əvvəl adı çəkilən qurumun toplantılarından birində razılıq əldə edilib. Onun fikrincə, burada qeyri-adi heç nə yoxdur. Lakin Dimidyuk etiraf edib ki, hökumətin gözlənilmədən bu məsələ ətrafında operativlik göstərməsi onlar tərəfindən təəccüblə qarşılanıb: “KTMT üzvlərinə daxili bazar qiymətləri hesabına silah satılması bizim işimizdə çətinliklər yaradacaq. Çünki bunun üçün əlavə maliyyə qaynaqları axtarmaq və kredit götürmək lazım gələcək”.

Məsələyə münasibət bildirən politoloq, millət vəkili Rasim Musabəyov Rusiya hökuməti tərəfindən Ermənistana silah satışı barədə göstəriş verilməsi ilə bağlı mətbuatda yayılan xəbərlərin təxribat xarakterli ola biləcəyini söylədi. Onun sözlərinə görə, Rusiyanın ali dairələrində ermənipərəst qüvvələr mövcuddur və bu, onlar tərəfindən prezidentlərin Kazan görüşünün şübhə altına alınması məqsədi ilə edilə bilər: “Bu, ayrı-ayrı adamlar tərəfindən düşünülmüş şəkildə ortaya atılan təxribata bənzəyir. Mən inanmıram ki, Rusiya rəhbərliyi sülh danışıqlarının həlledici mərhələyə qədəm qoyduğu bir vaxtda özlərinin imiclərini şübhə altına qoyan belə bir addım atsın”.

Hərbi ekspert Üzeyir Cəfərov isə Rusiyanın müntəzəm olaraq sülh danışıqlarının həlledici mərhələyə qədəm qoyduğu bir vaxtda Azərbaycana təzyiq, Ermənistana isə dəstək anlamına gələn bəyanatlar verdiyini xatırlatdı: “Mən şübhə etmirəm ki, Ermənistana silah satışı ilə bağlı son məlumatlar da Azərbaycana təzyiq xarakteri daşıyır. Bunun arxasında Rusiyanın ölkəmizdən öz xeyrinə hansısa güzəştlər əldə etmək, münaqişə həll ediləcəyi halda bölgəyə yalnız öz sülhməramlılarını yerləşdirmək cəhdləri dayana bilər”.

 

Xatırladaq ki, bir müddət bundan əvvəl də KTMT-nin rəhbəri general Bordyuja da bölgədə yenidən müharibə başlayacağı halda rəhbəri olduğu qurumun Ermənistana yardım edə biləcəyi barədə rəsmi açıqlama ilə çıxış etmişdi.

 

 


В этом разделе