Rabiyə Qadir: "Çində etnik qarşıdurma nəticəsində ən azı 500 nəfər

Çinin Sincan muxtar bölgəsində xanlarla uyğur türləri arasında baş verən etnik qarşıdurmalar nəticəsində ölənlərin sayı 500-dən artıqdır.
Bu barədə CNN Türk-ə hazırda 4 ilə yaxındır ki, ABŞ-da mühacirətdə olan mənşəcə uyğur türkü olan Rabiyə Qadir deyib. Çində baş verən son hadisələrlə bağlı olaraq Pekin tərəfindən xalqı qiyama qaldırmaqda ittiham olunan Rabiyə Qadir Vaşinqtonda uyğur türklərinə qarşı haqsızlıqlara qarşı keçirilən nümayişdə bildirib ki, baş verən hadisələrə görə o, günahkar deyil. "Hadisələrə görə mən məsul deyiləm. Uyğur xalqını çox təzyiq altında tutdular. Urumçidə, Almaniyada, Avstraliyada, Amerikada keçirilən nümayişləri də mən keçirirəm? Diktatorluğun təzyiqi ortadadır, Guangdongda 800 işçiyə hücum edildi. Xalq buna reaksiya olaraq küçəyə çıxdı, rəhbərlikdən cavab istədi. Günahkarları tap dedi. Heç əhəmiyyət vermədilər. Ədalət istəyənlər, azadlıq istəyənlər bu qədər ölümdən necə məsul ola bilərlər", -deyə o əlavə edib. 

R. Qadir daha sonra qeyd edib ki, Çində baş verən son hadisələrdə ən azı 500 adam ölüb. O, bu rəqəmin minə çata biləcəyini də istisna etməyib. "Mən kimsəyə küçəyə çıxın demədim. Amma desəydim də səhv olmazdı. Çin rəhbərliyi Uyğur xalqına əziyyət etdi. Təhsil haqqını, dil haqqını əlindən aldı. Azadlıq deyəni həbsə atdı."

Rabiyə Qadir hesab edir ki, Çin rəhbərliyi hadisələri uzun müddət planlaşdırıb. İqtisadi böhrana görə, çox sayda Çinli Uyğur bölgəsindəki enerji layihələrində çalışmağa göndərilib. Uyğurlar isə Çinin şərqindəki iş yerlərinə göndəriliblər. Uyğurlar həm bu məcburi köçə, həm də torpaqlarına Xan Çinlilərinin yerləşməsinə qarşı çıxırlar. 

"Uyğur xalqı məni anaları kimi qəbul edir. Mən də onların azadlıq iddialarına xidmət etməyə davam edəcəyəm", deyə Rabiya əlavə edib. 

Qeyd edək ki, 56 fərqli etnik qrupun yaşadığı Çinin əsas əhalisi xanlardır və sayları 1,1 milyarddan çoxdur. Azərbaycan türkcəsinə ən yaxın şivədə danışan, özlərini türk adlandıran uyğurların və ya şərqi türküstanlıların Çində rəsmi sayı 10 milyondur. Qeyri-rəsmi məlumatlara görə isə onların sayı 80 milyonu keçir. Rəqəmlər arasında olan bu fərq Çin hökumətinin tətbiq etdiyi ailə planlaşması siyasətindən qaynaqlanır. Bu siyasətə görə xan ailələri 1 uşağa, uyğur ailələri isə 2 uşağa malik ola bilər. 
Müsəlman olan uyğurlar bu qadağalara tabe olmurlar və ailələrdə uşaq sayı adətən 5-i keçir. Buna görə də uyğurların çoxu Çinin rəsmi təhsil sistemindən kənarda qalaraq, Kaşqar və Urumçi kimi iri şəhərlərdə belə mollaxana təhsili ilə kifayətlənirlər və rəsmi qeydiyyata düşmürlər. 
1960-cı illərdə Urumçi 300 min əhalisi olan və yalnız uyğurların yaşadığı bir şəhər idi. Şəhərdə çinlilərin bu qədər artması Çin hökumətinin apardığı köçürmə və assimlyasiya siyasətinin nəticəsidir. Hazırda dünyada 20 milyona yaxın uyğur mühaciri var və onlar Uyğurustanın azadlığı uğrunda mübarizə aparırlar. Əslən Kaşqardan olan Yusif bəy Muxlesi uzun müddət Uyğurustan Xalq Cəbhəsinin lideri olub. Onun ölümündən sonra bu vəzifəyə Rabiyə Qadir seçilib. Çində tanınmış iş adamı olan Rabiyə xanım Qadir və əri Uyğurustanın azadlığını dəstəklədiyi üçün həbsxanaya salınmışdı. Azadlığa çıxandan sonra o, mühacirət edərək azadlıq mübarizəsini davam etdirir.


ANS PRESS


В этом разделе