Qəzzafinin oğlunun dəfnində 2 min adam iştirak edib

Liviya liderinin özü isə mərasimdə görünməyib

2 mindən çox insan Tripolinin mərkəzində bir araya gələrək NATO-nun hücumu nəticəsində həlak olan Liviya liderinin oğlu Seyf əl-Ərəbin dəfn mərasimində iştirak edib. Liviya liderinin tərəfdarları Seyf əl-Ərəbin xatirəsini yad edərək Müəmmər Qəzzafini dəstəkləyən şüarlar səsləndirib. Onlar həmçinin əllərində Liviya bayrağı və Müəmmər Qəzzafinin portretlərini daşıyaraq Qərb əleyhinə şüarlar səsləndirib-ANS PRESS "Euronews"a istinadən xəbər verir.

Seyf əl-Ərəbin yaşıl parçaya bürünmüş və üzərinə güllər səpilmiş cəsədi paytaxtın Xani məzarlığında torpağa tapşırılıb. Polkovnikin özü oğlunun dəfnində iştirak etməyib. Qəzzafi ailəsindən dəfndə yalnız Seyf əl-İslam və Məhəmməd iştirak edib.

Liviyada isə döyüşlər səngimək bilmir. Misrata hələ də hərbi əməliyyatların mərkəzi olaraq qalır. Liman şəhəri ötən gün də hökumət qüvvələrinin zərbələrinə məruz qalıb. Üsyançıların məlumatına görə, ötən gün limana 100-dən yuxarı raket buraxılıb. Hökumət qüvvələrinin hücumu yalnız içində humanitar yük olan gəminin boşaldılmasının qarşısını almağa çalışan Qəzzafi ordusunun qarşısını almaq istəyən NATO aviasiyasının zərbələrindən sonra dayanıb. Liviya hökuməti isə həmin gəminin humanitar yardım deyil, üsyançılara silah-sursat gətirdiyini iddia edir. Bundan savayı NATO Qəzzafi ordusunun Tripolinin qərbində yerləşən Əz-Zintan şəhərindəki mövqelərinə zərbələr endirib. Nəticədə 10 tank və zirehli maşın məhv edilib.

В этом разделе