ABŞ-ın müdafiə naziri Leon Panetta son günlər ərzində İranın ünvanına növbəti hədə bəyanatı səsləndirib
Milli.Az BBC-yə istinadən xəbər verir ki, o, Tehranın Hörmüz boğazını  bağlamağa hər hansı formada cəhd göstərəcəyi təqdirdə Vaşinqtonun  "bununla barışmayacağını" bildirib. Dünyaya neft ixracının 40%-nin  həyata keçirildiyi boğazın mümkün bağlanmasını "son hədd" adlandıran  Pentaqon rəhbəri ABŞ-ın boğazın bağlanmasına heç bir halda imkan  verməyəcəyini bildirib.
Xatırladaq ki, son günlərdə ABŞ və Avropa  Birliyi İrana ard-arda yeni sanksiyalar tətbiq edir. Tehran isə öz  növbəsində neft ixracı sahəsinə sanksiyanın tətbiq olunacağı təqdirdə  dünyanın "neft arteriyası" olan Hörmüz boğazını bağlayacağını bəyan  edib.














