Pakistan Ben Ladendən xəbərsiz olub-ABŞ

Bunu Birləşmiş Ştatların müdafiə naziri Robert Qeyts deyib

"Əl-Qaidə" terror təşkilatının lideri Üsamə Bin Ladenin Pakistanın Abbotabad şəhərində olması barədə Pakistan rəhbərliyinin xəbərdar olması ilə bağlı hər hansı bir “sübut” yoxdur. Bunu Vaşinqtonda mətbuat konfransında iştirak edən Birləşmiş Ştatların müdafiə naziri Robert Qeyts deyib.

ABŞ müdafiə nazirinin sözlərinə görə, o, Pakistanda kimlərinsə "Əl-Qaidə" liderinin orada olması ilə bağlı xəbərdar olmasını hesab etsə də buna hər hansı bir sübut yoxdur. Robert Qeytsin sözlərinə görə, dünyanın "bir nömrəli" terrorçusunun Pakistan ərazisində gizlənməsinə baxmayaraq, Birləşmiş Ştatlar bu ölkəyə yardımı dayandırmamalıdır.

“Mənim şəxsi fikrim odur ki, biz Pakistan xalqının xeyrinə işləyən yardımı davam etdirməliyik”, deyə o, bildirib. Bununla belə, amerikalı nazir Konqresdə bir çoxlarının Pakistanla qarşılıqlı münasibətlərin və bu ölkəyə çoxmilyardlı maliyyə yardımının göstərilməsinin məqsədyönlüyünə dair şübhə ilə yanaşanların olduğunu da etiraf edib.

Robert Qeyts həmçinin ABŞ administrasiyasının "Əl-Qaidə" liderinin Pakistanda "dəstəyə" malik olmasından əmin olduğunu deyib. ABŞ rəsmisi bunu onunla izah edib ki, köməksiz, yardımsız "Əl-Qaidə" lideri uzun müddət bu ölkədə qala bilməzdi və bu səbəbdən də kiminsə Bin Ladenin burada olmasından məlumatlı olması labüddür.

Mətbuat konfransında həmçinin iştirak edən ABŞ Hərbi Qüvvələrinin qərargah rəisləri komitəsinin sədri Maykl Mallen Robert Qeyts kimi Pakistan rəhbərliyinin dünyanın "bir nömrəli" terrorçusunun bu ölkədə gizlənməsi barədə məlumatlı olması ilə bağlı hər hansı bir sübutun olmamasını bildirib: “Bin Ladenə qarşı əməliyyat aparılan andan mən Pakistan rəhbərliyinin Bin Ladenin bu ölkədə olması barədə məlumatlı olması ilə bağlı hər hansı bir dəlil-sübut görməmişəm”, deyə M. Mallen qeyd edib.

ABŞ xüsusi xidmət orqanlarının Pakistanın Abbotabad şəhərində Üsamə Bin Ladenin zərərsizləşdirilməsi əməliyyatından sonra iki ölkə arasında münasibətlərdə gərginlik hiss olunur. Belə ki, Pakistan hərbçiləri ölkə ərazisində onlarla razılaşdırılmamış hər hansı bir əməliyyat yenidən keçiriləcəyi təqdirdə ABŞ-la münasibətlərə yenidən baxılacağını bildirib.

В этом разделе