Obamaya PKK şoku!

ABŞ prezidenti Barak Obama

ABŞ-ın PKK terror təşkilatına yardım etdiyi, müxtəlif növ silah və texnika verdiyi rəsmi yazışmalar və diplomatik sənədlər əsasında sübut ediləcək.

Lent.az-ın Londonda yayımlanan “El Hayat” qəzetinə istinadən verdiyi məlumata görə, ABŞ-ın başına bəla olan “Wikileaks” saytının bu həftə yayımlayacağı sənədlərdə ABŞ-ın 1979-cu ildən rəsmi olaraq terror təşkilatı kimi tanıdığı PKK-ya dəstək verdiyi birmənalı əksini tapır.

ABŞ-ın İraqdakı ordusunun rəhbərliyinə aid sənədlərdə PKK terrorçuları azadlıq döyüşçüləri adlandırılır, ABŞ hərbçilərinin İraqda saxlanılan PKK üzvlərini azadlığa buraxdığı qeyd olunur. Sənədlərdə açıq şəkildə etiraf olunur ki, İraqdakı ABŞ hərbi qüvvələri PKK-ya silah verir, terrorçuların İraq ərazisindən Türkiyəyə hücumu barədə dəqiq məlumatlar alınsa da, bu barədə Türkiyə tərəfinə məlumat verilmir.

“Wikileaks”ın ABŞ hərbçiləri və diplomatlar arasındakı yazışmalar və görüşlər barədə sənədləri yayımlanmasının qarşısını ala bilməyəcəyini anlayan Barak Obama administrasiyası isə sənədlərin saytda yerləşdirilməsindən sonra xarici ölkə hökumətləri ilə yaranacaq problemləri nəzərə alaraq hərəkətə keçib. Artıq amerikalı diplomatlar Türkiyə və digər ölkələrin rəsmiləri ilə görüşlər keçirir, onları istənilən halda təmkinli davranmağa çağırırlar. İlk növbədə qalmaqallı yazışmalarda adı keçən amerikalı diplomatların bu ölkələrdən qovulması barədə dərhal qərarın verilməməsi istənilir. Çünki bu sənədlərdə tək Türkiyə deyil, Avropa və Asiyanın bir çox ölkələrini ciddi şəkildə ABŞ-dan narazı salacaq məqamlar var. O da bildirilir ki, sənədlərdə ABŞ-ın Quantanamo həbsxanasındakı terrorçuların dünyanın bir çox ölkələrində saxlanılması üçün Vaşinqton tərəfindən edilən təzyiqlər də yer alıb. Üstəgəl, İraqdakı ordunun durumu ilə bağlı hesabat hazırlayan Pentaqon nümayəndələrinin biri sənədlərin birində yazıb ki, Türkiyədə yaşayan iraqlılar “əl-Qaidə” terror təşkilatına yardım edir, bunun qarşısı alınmır.

ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Filip Krouli isə son açıqlamasında deyib ki, “bu ifşalar ABŞ və onun maraqlarına zərbə vurur”. O, sənədlərin ABŞ-ı təmsil edən diplomatlarla ABŞ-ın xaricdəki dostları arasında gərginlik yaradacağını etiraf edib: “Gizli yazışmalar bir diplomatik ortaq olaraq ABŞ-a bəslənilən etimadı yox edə bilər. Sənədlərdə ABŞ-la yaxın münasibətləri olan xarici ölkə liderləri haqqında təhqiredici, yaxud tənqidi ifadələr olacağı halda bu, Vaşinqtonu utandıracaq. Etimada xəyanət olunur və bunlar qəzetlərin manşetlərində, yaxud televiziyaların xəbərlərində yer alarsa, bunun mənfi təsiri olacaq. Bu sənədlərdən sonra ortaya çıxan problemlərin hansı səviyyədə olacağını tam proqnozlaşdırmaq mümkün deyil, ancaq hər ehtimala qarşı hazırlaşmışıq”.

Bu arada “Reuters” agentliyi “Wikileaks”ın əlindəki məxfi sənədlərin artıq İspaniyanın “El Pais” və Fransanın “Le Monde” qəzetlərinə ötürüldüyü barədə məlumat yayıb.

В этом разделе