Bundan başqa ABŞ prezidenti xüsusi səlahiyyətindən istifadə edərək daha 6 təyinatı həyata keçirib
ABŞ prezidenti Barak Obama xüsusi səlahiyyətindən istifadə edərək  Konqresin tətildə olduğu vaxtda, Metyu Brayza da daxil olmaqla, müxtəlif  vəzifələrə namizəd olan 6 nəfəri senatın təsdiqi olmadan səfir təyin  edib. ANS PRESS-in məlumatına görə Ağ evin yaydığı bəyanatda qeyd olunub ki, prezident uzun müddətdən  bəri vakant qalan altı mühüm vəzifəyə namizədlərini Konqresin tətildə  olduğu zamanda təyin etmək qərarını açıqlayıb. Bundan başqa Obamanın Baş  prokurorun müavini, Dövlət Nəşriyyatı İdarəsinin sədri, ABŞ-ın Türkiyə,  Suriya və Çexiya səfirlərini də təyin etdiyi bildirilir.
 
 Bəyanatda, gözlənildiyi kimi Türkiyəyə daha əvvəl fəaliyyət göstərdiyi  yerlərdə Ceyms Bonda bənzədilən Fran Rikkardonun səfir təyin olunduğu  bildirilir.   
 
 Qeyd edək ki, Konqresin, o cümlədən Senatın  tətildə olduğu vaxtlarda prezidentin istifadə etməsi mümkün olan “Tətil  Təyinatı” deyilən səlahiyyətə müraciət Amerikada prezidentlərin  vaxtaşırı istifadə etdikləri bir yoldur. Qanunvericilər arasında heç də  populyar olmayan bu səlahiyyət  prezidentlərə Senatın onların namizəd  göstərdiyi şəxslərin namizədliyini təsdiq etmədiyi və ya bunu yubatdığı  zamanlarda öz namizədlərini Senatın təsdiqi olmadan bu vəzifələrə  birbaşa təyin etmə imkanı verir.
 
 Xatırladaq ki, senatın Dövlət  Katibinin Avropa və Avrasya Məsələləri üzrə Müşaviri Metyu Brayzanın  ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsinə namizədliyi senatın Xarici  Əlaqələr Komitəsində geniş müzakirə edilmiş, onun həyat yoldaşının Türk  olması, özünün Azərbaycan rəsmiləri ilə yaxın əlaqələri olması ilə  əlaqədar suallar qaldırılmışdı. Komitənin üzvlərindən, Demokratlar  Partiyasından Barbara Bokser və Robert  Menendez senator olaraq  selahiyyətlərindən istifadə edərək Metyu Brayzanın namizədliyinin səsə  qoyulmasının qarşısını aldılar.














