OBAMA MÜSƏLMANLARA MƏSCİDDƏN MÜRACİƏT EDƏCƏK

ABŞ prezidenti seçkiqabağı vəd etdiyi çıxışını Misirdən etməyə hazırlaşır

ABŞ prezidenti Barak Obama Misirə gələn ay edəcəyi səfəri zamanı müsəlmanlara ünvanlanmış tarixi nitqlə çıxış etməyə hazırlaşır. Türkiyə mənbələrinin xəbərlərinə görə, bu çıxış üçün məscid seçilə bilər. Bildirilir ki, Obamanın Misirə səfəri iyunun 4-də başlayacaq. ABŞ-ın Qahirədəki səfirliyindən bildirildiyinə görə, Obama islam dünyası ilə Amerika arasında münasibətlərə dair çıxışını harada etmək haqda qərar verməyib.
Lakin Misirin iki təhlükəsizlik rəsmisi ötən həftə ABŞ-dan Obamanın səfərini hazırlamaq üçün gələn heyətin çıxışın edilməsi üçün 5 yer variantını nəzərdən keçiriblər. Araşdırmalardan sonra siyahıdakı yerlərin sayı 3-ə endirilib, bunların arasında məscid və ona bağlı iki salon var. Qahirənin “Əl Ezher” məscidinin şeyxi Məhəməd Seyid Tantavi isə deyib ki, Obamanın çıxışını məsciddən etməsi onları məmnun edərdi. Onun fikrincə, çıxışın məsciddən edilməsi kin və zorakılığa qarşı ədalət, yaxşılıq dəyərlərinin yayılması üçün önəmli dialoqu başlada bilər. Misir rəsmiləri isə deyiblər ki, çıxışın edilməsi üçün məscidlə yanaşı şəhərin ətrafındakı saray da nəzərdən keçirilir. Qeyd edək ki, Barak Obama özünün seçkiqabağı kampaniyası zamanı müsəlman dünyası ilə münasibətləri yaxşılaşdırmaq üçün islam ölkələrinin paytaxtlarından birində nitqlə çıxış edəcəyini vəd etmişdi. 
Yeni Musavat


В этом разделе