NATO Misratada 11 üsyançını öldürüb

BMT nümayəndələri isə zorakılığı araşdırmaq üçün Liviyaya gəlib

NATO-nun Liviyanın sahilyanı Misrata şəhərinə aviazərbələri nəticəsində 11 üsyançı ölüb, iki nəfər yaralanıb. Şahidlərin sözlərinə görə onlar sahildə polad zavodunun yanında durarkən NATO təyyarələri ərazini bombalayıb-ANS PRESS "Aljazeera"ya istinadən xəbər verir.

NATO-nun mətbuat katibi Erik Povel məsələ ilə bağlı məlumata malik olmadığını deyib.

Verilən məlumata görə NATO-nun martın 31-də əməliyyatlara başlamasından bəri Liviya səmasında 3981 uçuş həyata keçirilib ki, onlardan 1658-də aviazərbələr endirib.

Bu arada Beynəlxalq Qırmızı Xaç Komitəsi və Beynəlxalq Miqrasiya Təşkilatının rəhbərliyi altında Liviyada yaranmış gərginlikdən qaçan insanlar gəmilərlə Misratadan çıxarılıb. 1500-dən çox sakin Liviyanın Benqazi şəhərinə aparılıb. Onların arasında bir qrup jurnalist də olub.

Liviyada zorakılığı və insan haqlarının pozulması hallarının araşdırılması üçün BMT nümayəndələri bu ölkəyə gəlib. Misirli hüquq müdafiəçisi və müharibə cinayətləri üzrə ekspert professor Çerif Bassiuninin başçılıq etdiyi heyət BMT-nin İnsan Haqları Şurası tərəfindən göndərilib.

Hökumət nümayəndələri isə jurnalistləri paytaxt Tripolinin cənubundakı Tarhuna şəhərinə apararaq onları adi insanların Müəmmər Qəddafinin müdafiəsi üçün təlim keçdiyi ərazi ilə tanış ediblər. Təlim düşərgəsində əsasən 15 yaşında olan könüllülərin adi hərbi təcrübə keçdiyi müşahidə edilib.

В этом разделе