NATO baş katibi əfqanlardan üzr istəyib

NATO baş katibi Yaap de Hoop Sxeffer Əfqanıstana səfər edərək prezident Həmid Kərzayi ilə bir araya gəlib. “Media forum” saytı xəbər verir ki, baş katib Əfqanıstanda aprelin 20-də keçiriləcək prezident seçkisində təhlükəsizlik tədbirlərinin gücləndirilməsi məqsədilə əlavə güclərin göndəriləcəyini bildirib. Söhbət 4 min əsgər və zabitdən gedir.

Silahlı qüvvələrin sayının artırılmasına baxmayaraq Əfqanıstanda vəziyyət sabitləşmir. Talibanın nəzarətindəki silahlı dəstələrin müqasviməti artır. NATO qüvvələrinin əməliyyatları zamanı mülki əhali arasında itkilərin artması da problemdir və Əfqanıstanda Şimali Atlantika Blokuna qarşı mənfi münasibətin formalaşmasına yol açır.

Yaap de Hoop Sxeffer Kabil görüşlərində bu problemə toxunaraq deyib: “NATO qüvvələrinin komandanlığı günahsız əfqanların həlak olmasının qarşısını almaq üçün əlindən gələni edəcək. Bir günahsız insanın itkisi belə həddən artıq çoxdur və mən bunun təkrarlanacağı halda indidən əfqanlardan üzr istəyirəm”.

NATO qüvvələri Əfqanıstanda 67 min hərbçi ilə təmsil olunur. Əfqanıstanda Pentaqon rəhbərliyinin nəzarəti altında ayrıca antiterror qrupu da fəaliyyət göstərir. Ümumilikdə bu ölkədə 30 min amerikalı xidmət edir. Əfqanıstanda qayda-qanunun yaradılmasında əsas yük əvvəlkitək ABŞ-ın üzərinə düşür. «Media forum»


В этом разделе