MDB Xarici İşlər Nazirləri Şurasının iclasında 20-yə yaxin məsələyə baxılması nəzərdə tutulur

2010-cu ilin Böyük Vətən Müharibəsi Veteranları İli elan edilməsi, MDB ölkələrinin veteran təşkilatları haqqında və vahid yubiley medalının hazırlanması qaydası barədə qərarların qəbulu gözlənilir Aprelin 10-da Aşqabadda MDB Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) iclası keçiriləcək.MDB İcraiyyə Komitəsinin mətbuat xidmətinin məlumatına görə, xarici siyasət idarələrinin başçıları siyasi, miqrasiya, humanitar və sosial sahələrdə, habelə təhlükəsizliyin təmin edilməsi üzrə əməkdaşlıqla əlaqədar 20-yə yaxın məsələyə baxılmasını nəzərdə tuturlar. 
İclasın gündəliyinə 2009-2010-cu illərdə humanitar əməkdaşlıq sahəsində prioritet tədbirlərin, MDB ölkələrinin razılaşdırılmış miqrasiya siyasətinə dair təkliflərin, xarici işlər nazirlikləri arasında çoxsəviyyəli məsləhətləşmələr aparılması məsələlərinin müzakirəsi daxil edilib. 
Gündəlikdəki məsələlərdən üçü Böyük Vətən Müharibəsində Qələbənin 65-ci ildönümü bayramına hazırlıqla bağlı olacaq. Bunlar 2010-cu ilin Böyük Vətən Müharibəsi Veteranları İli elan edilməsi, Birliyin iştirakçısı olan dövlətlərin veteran təşkilatları haqqında və vahid yubiley medalının hazırlanması qaydası barədə qərarların layihələridir. 
Bundan əlavə, iclasda MDB ölkələrində cinayətkarlığa qarşı mübarizə sahəsində informasiya mübadiləsi, MDB ölkələrinin dövlətə məxsus hava gəmiləri ilə bağlı aviasiya qəzalarının təhqiq edilməsi sahəsində əməkdaşlıq haqqında sazişlərin layihələrinə baxmaq, Birlikdən olan Müşahidəçilər Missiyasının iş praktikasını müzakirə etmək və Birliyin üzvü olan ölkələrin Hökumət Başçıları Şurasının bu il mayın 22-də Astanada keçirilməsi nəzərdə tutulan iclasının gündəliyinin layihəsini təsdiq etmək planlaşdırılır. 
MDB XİNŞ-in iclası ərəfəsində, aprelin 3-də Moskva vaxtı ilə saat 12.00-da Birliyin İcraiyyə Komitəsinin rəsmi saytında (www.cis.minsk.by) İcraiyyə Komitəsinin sədrinin birinci müavini, MDB-nin icraçı katibi Vladimir Qarkunun və MDB İcraiyyə Komitəsinin departament direktorlarının iştirakı ilə internet-konfrans keçiriləcək. Konfransda iştirak etmək arzusunda olanlar öz suallarını bu elektron ünvana göndərə bilərlər: gm@.cis.minsk.by. Suallar aprelin 2-si Moskva vaxtı ilə 12:00-dək qəbul ediləcək. /ANS PRESS/


В этом разделе