O, Suriya ilə bağlı qətnamənin Liviya ssenarisinə səbəb olmayacağını bildirib
BMT Təhlükəsizlik Şurasında Suriyadakı vəziyyət müzakirə edilir. Şura  üzvlərinin müzakirəsinə Ərəb Dövlətləri Liqasının planına əsaslanan  qətnamə layihəsi çıxarılıb. Layihə Təhlükəsizlik Şurasına Ərəb  Dövlətləri Liqasının baş katibi Nabil əl-Ərəbi və Qətərin baş naziri şey  Həməd əl-Tani tərəfindən təqdim olunub. 
 
 ANS PRESS-in məlumatına görə, ABŞ-ın dövlət katibi Hillari Klinton  iclasdakı çıxışında Suriyada vətəndaş müharibəsinə çevrilmək təhlükəsi  olan zorakılığı dayandırmaq üçün qətiyyətli tədbirlər görməyə çağırıb.  O, bu ölkədə axıdılan qanların məsuliyyətini Bəşər Əsəd başda olmaqla  hakimiyyətin daşıdığını bəyan edib. Bununla belə, Hillari Klinton  qətnamənin qəbulunun Liviya ssenarisinə - münaqişəyə xarici silahlı  müdaxiləyə gətirib çıxaracağı barədə iddiaları təkzib edib. Qeyd edək  ki, bu iddia ilə qətnamənin qəbulunun əleyhinə çıxan rusiyalı  diplomatlar çıxış etmişdilər. 
 
 Ərəb Dövlətləri Liqasının planı Bəşər Əsədin istefasını, səlahiyyətlərin  vitse-prezidentə verilməsini və müxalifətin iştirakı ilə yeni hökumətin  formalaşdırılmasını nəzərdə tutur.














