İstanbulun mərkəzində terrorçulara qarşı əməliyyat keçirilir

Türkiyədə, İstanbulun mərkəzində terrorçulara qarşı əməliyyat keçirilir.
CNN Türk telekanalının yaydığı xəbərə görə, şəhərin Bostançı rayonunda təhlükəsizlik əməkdaşları ilə silahlılar arasında gedən qarşıdurmada 7 polis əməkdaşı yaralanıb. Səhər saat 7.30-dan başlayan atışma bu saatlarda da davam edir. 
Xəbər verilir ki, terrorçuların bir evdə toplaşması barədə xəbər daxil olduqdan sonra polis həmin ünvanda əməliyyata başlayıb və elə ilk dəqiqələrdən müqavimətlə üzləşib. Özlərini devrimçi, yəni inqilabçı hərəkat adlandıran qrup üzvləri təslim olmayacaqlarını bəyan ediblər. Hazırda atışma davam edir, ev mühasirəyə alınıb, əraziyə heç kim buraxılmır. Son məlumatlara görə, həmin evdə 3 terrorçu var, 11 silahlı isə artıq saxlanılıb. Hadisəni törədən terrorçuların solçu qruplaşmanın üzvləri olduğu güman olunur.

ANS TV


В этом разделе