Fransa qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan qanun layihəsini qəbul etməyə tələsir
Trend-in məlumatına görə, bu barədə "dpa" agentliyi Fransa İctimai radiosuna istinadən xəbər verir.
Ölkə hökuməti mübahisəli qanun layihəsini yanvarın sonlarında baxılmaq üçün Senata təqdim etməyi planlaşdırır.
Dekabrın  22-də Fransa parlamenti qondarma "erməni soyqırımı"nın inkarına görə  cinayət məsuliyyətini nəzərdə tutan qanun layihəsini qəbul edib. Bu,  Türkiyə tərəfinin kəskin reaksiyasına səbəb olub və nəticədə Ankara öz  səfirini bu ölkədən geri çağırıb və Parislə hərbi əməkdaşlığı  dayandırıb.
Qanun layihəsinin qüvvəyə minməsi üçün sənəd Senatda təsdiqlənməlidir.
Əgər  qanun layihəsi Senatda təsdiqlənərsə, onda "erməni soyqırımı"nı inkar  edənlərə qarşı bir ilədək azadlıqdan məhrumetmə cəzası və 45 min avro  həcmində cərimə nəzərdə tutulacaq.
Türkiyənin Baş naziri Rəcəb  Tayyib Ərdoğan isə Fransa parlamentinin bu qərarının və Fransa  Prezidenti Nikola Sarkozinin türklərin və müsəlmanların əleyhinə  olduğunu bildirib.
Ermənistan və erməni lobbisi bəyan edir ki,  Türkiyənin sələfi olan Osmanlı İmperiyası 1915-ci ildə Anadoluda yaşayan  ermənilərə qarşı soyqırım törədib. Erməni təbliğatının təzyiqi ilə bir  sıra ölkələrin parlamentləri 1915-ci il qondarma "soyqırım"ı tanıyıblar.














