ƏRDOĞAN ERMƏNİSTANA QARŞI SƏRT MÖVQEYƏ KEÇDİ

Türkiyənin baş naziri “lazım gəlsə, 40 min qanunsuz erməni miqrantını ölkədən çıxararıq” dedi

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Polşa və Rusiyadakı təmaslarından sonra ölkəsinə dönərkən Ermənistana dair sərt mesajlar verib. Ərdoğan deyib ki, Ermənistan işğalçı dövlətdir və bunu BMT Təhlükəsizlik Şurasının qətnamələri də təsdiq edir. Ona görə də, Ermənistanın atacağı ilk addımlardan biri Azərbaycan ərazilərinin işğalına son qoyaraq, Dağlıq Qarabağdan çəkilməsi olmalıdır. “Hər kəs bilməlidir ki, Türkiyənin sərhədlərinin bağlı olmasının səbəbi Qarabağın işğalıdır. Bu səbəb ortadan qalxmayınca, biz sərhədlərimizi aça bilmərik” deyə baş nazir bildirib.
Ərdoğan açıqlamasında onu da deyib ki, Ermənistan prezident Serj Sərkisyanın Türkiyənin Dağlıq Qarabağ münaqişəsindən kənarda durmalı olduğu haqda bəyanatı qəbul edilə bilməz. Çünki Türkiyə önəmli bölgədə yerləşir və Dağlıq Qarabağ məsələsində sakit qalması mümkün deyil: “Bunu birdəfəlik qəbul etmək lazımdır. Mediada bəzi yazarlar fərqli şərh etsələr də, bizim Ermənistanla sərhədlərimizin qapanmasının səbəbi Dağlıq Qarabağın işğalıdır. Bölgədə həyata keçirilən təcavüz nəticəsində bizim sərhədlərimiz bağlanıb, təbii ki, başqaları bunu başqa cür yoza bilər. Ancaq biz elə yox, belə anlayırıq. Səbəb budur. Bu səbəb ortadan qalxmasa, sərhədlərin açılmasını heç kim gözləməsin. AKP iqtidarı olaraq bu bizim qəti mövqeyimizdir”. Türkiyənin baş nazir onu da deyib ki, ölkədə 40 mindən çox qanunsuz erməni miqrantı var: “Biz onları geri göndərmirik, amma lazım olsa geri də göndərərik, hələlik hesab edirik ki, qazanc dalınca bura gələn erməniləri geri qaytarmaq insani addım olmazdı. Bunlar niyə bizim ölkəmizə gəlirlər? Çünki ermənistanda ciddi problemlər var, səfalət var, işsizlik böyükdür. Ona görə də gəli bizim ölkəmizdə dolanışıq mübarizəsi aparırlar. Bunu nəzərə almalıdırlar”.
Xatırladaq ki, Ərdoğan mayın 15-də Soçidə Rusiyanın baş naziri Vladimir Putinlə görüşüb. Bu görüşdə Türkiyə ilə Rusiya arasında enerji sahəsində əməkdaşlıq məsələləri, “Cənub axını” qaz kəməri layihəsi və “Nabukko” məsələsi, habelə Ermənistanla münasibətlər və Dağlıq Qarabağ münaqişəsi müzakirə edilib. Ərdoğan jurnalistlərə onu da bildirib ki, Türkiyə Azərbaycandan aldığı qazın illik həcmini 4 milyard kubmetrdən 8 milyard kubmetrə qaldırmaq istəyir.
Türkiyənin Ermənistanla həmsərhəd İğdır vilayətinin valisi Saffet Karahisarlı isə deyib ki, sərhəd qapılarının açılması üçün hazırlıq işləri görülməsinə dair onlara Ankaradan heç bir təlimat verilməyib. Valinin sözlərinə görə, sərhədlərin açılması üçün hazırlıq işlərinin aparıldığı haqda xəbərlər yalandır.
F.MƏMMƏDOV
Yeni Musavat

В этом разделе