Əl-Qaidə təşkilatı Parisi şantaj edir

Fransadan Əfqanıstandakı qüvvələri çıxarmaq tələb olunur

Nigerdə 7 ay əvvəl “Əl-Qaidə” qruplaşması tərəfindən girov götürülmüş 4 Fransa vətəndaşının müraciətindən ibarət videoyazı nümayiş etdirilib. Videoyazıda girovlar Fransa prezidenti Nikolya Sarkozidən ölkənin hərbi kontingentini Əfqanıstandan çıxarmağı xahiş edib-ANS PRESS "Associated press"ə istinadən xəbər verir.

Məsələyə münasibətini bildirən Fransa hökumətinin sözcüsü Fransua Baroin videomüraciətin həqiqiliyinin araşdırılacağını deyib. O, Fransa hökumətinin heç kimə ölkənin xarici siyasətini dəyişdirməyə imkan verməyəcəyini bildirib. Bununla belə o, girov götürülən vətəndaşların taleyi ilə maraqlandıqlarını və onların azad olunmasına çalışdıqlarını əlavə edib.

Xatırladaq ki, 5-i Fransa vətəndaşı olmaqla 7 xarici vətəndaş ötən ilin sentyabrında Nigerin kəndlərindən birində Əl Qaidə üzvləri tərəfindən girov götürülüb. Girovlardan 3-ü fevralda buraxılsa da, digər 4 nəfərin hazırda Malidə saxlandığı bildirilir.

В этом разделе