Buş adminstrasiyası cəzalandırılacaqmı?

Hazırda ABŞ-da demək olar ki, ən çox müzakirə olunan mövzu keçmiş adminstrasiyanın “terrora qarşı apardığı mübarizə”nin mübahisəli tərəfləridir. 

Buş adminstrasiyası dövründə MKİ-nin (Mərkəzi Kəşfiyyat İdarəsi) fəaliyyət metodları, başlıcası isə “terrorda şübhəli bilinən”lərin sorğu-sual olunması zamanı onlara işgəncələrin verilməsi faktları dərc edilir, demokratlar, eyni zamanda hüquq müdafiəçiləri geniş miqyaslı istintaqın aparılmasını tələb edir. Prezidentə gəlincə isə əvvəlcə o, “keçmişdə olanların keçmişdə qaldığını” bildirsə də, indi görünür yavaş-yavaş bu mövqedən çəkilir: “ədalət сarçıları” kimisə möhkəm cəzalandırmaq istəyir. Lakin, məlum deyil, kimi, necə və nəyə görə...

Ağ Evə gəldiyi andan Barak Obama “terrora qarşı mübarizə”dən üz döndərdi və ABŞ-ın xaricdəki bütün həbsxanalarının bağlanmıası barədə sərəncam verdi. MKİ-nin yeni rəhbəri Leon Panetta vəd verib ki, bundan sonra heç bir işgəncə faktından söhbət gedə bilməz. Bununla yanaşı yeni administrasiya dəfələrlə bildirib ki, keçmiş səhvlərə görə günahkarları axtarmayacaq. Keçmiş “anti-terror” kursu “tarixin kədərli səhifəsi” adlandıran yeni prezident bununla bərabər artıq belə vəziyyətin formalaşmaması üçün digər siyasi xətt tutduqlarını sübut etməyə də çalışdı, - Lenta.ru.

Lakin, nəzərləri gələcəyə yönəltmək və “tarixin kədərli səhifəsini çevirmək” alınmadı. Aprel ayında Beynəlxalq Qırmızı Xaç təşkilatı ABŞ adminstrasiyasının indiyə qədər gizli saxladığı bir hesabatı dərc etdirdi. Hələ 2006-cı ildə hazırlanmış hesabatda söhbət MKİ əməkdaşlarının “terrorda şübhəli bilinən”lərə qarşı sorğu-sual zamanı tədbiq etdiyi işgəncələrdən gedirdi. Sənədin xüsusi özəlliyi də var idi – məlum oldu ki, məhbuslara qarşı tətbiq edilən işgəncələrdə tibb işçiləri də iştirak edib. Sənəddə qeyd edilən işgəncə faktları isə artıq çoxları üçün gizli məsələ deyildi.

MKİ-nin xarici həbsxanalarında və Quantanamo hərbi bazasındakı həbsxanada məhbuslar müxtəlif formalarda psixoloji sarsıntılara və fiziki işgəncələrə məruz qalıb. Terrorda şübhəli bilinmə adı ilə həbs edilənlər uzun müddət kamerlarda tək saxlanıb, əlləri bağlanıb, müxtəlif əziyyətli vəziyyətlərə salınıblar. Ən çox rezonans doğuran işgəncə növü isə su ilə boğmaq yolu ilə verilən işgəncədir. Bu irgənc prosedur zamanı məhbus horizontal şəkildə yerləşdirilmiş taxtaya bağlanır, sonra onun ağzına təzyiqlə su vurulur və bu da məhbusun boğulmasına səbəb olur.

Bu günlərdə Buş adminstrasiyası dövründə MKİ-nin Ağ Ev və Ədliyyə nazirliyi ilə razılaşdırılmış şəkildə sərt sorğu-sual metodlarının tədbiq edilməsi barədə memorandum dərc edildi. Sənəddə icazə verilmiş irgənc metodlar sırasında su ilə boğma faktı da yer alıb. Memorandumu şərh edən Obama bildirdi ki, onlara verilən təlimatları icra etmiş MKİ əməkdaşları məsuliyyətə cəlb olunmayacaq. Prezidentin bu bəyənatı BMT tərəfindən kəskin cavablandırıldı: Birləşmiş Millətlərin işgəncələr üzrə xüsusi məruzəçisi Manfred Novak Obamanı beynəlxalq qanunvericiliyə qarşı çıxmaqda ittiham etdi.

Xaricdən gələn tənqidlərdən başqa Obamaya onun həmpartiyaçıları da fəal təzyiq göstərməyə başladılar. Belə ki, Senatın Silahlı qüvvələr üzrə komitəsi hesabat hazırlayaraq bildirdi ki, MKİ-nin sərt praktikasına hərbçilər də yardımçı olub. Bundan başqa hesabatda Cor Buş adminstrasiyasının bu məsələlərə görə məsuliyyət daşıyan üzvlərinin adları da açıqlandı: keçmiş vitse-prezident Dik Çeyni, Pentaqonun keçmiş rəhbəri Donald Ramsfeld və keçmiş Baş prokuror Albert Qonzales.

Bunun ardınca Senatın Kəşfiyyat məsələləri üzrə komitəsi Buş adminstrasiyası ilə razılaşdırılmış işgəncə faktlarının xronologiyasını dərc etdirdi. Məlum oldu ki, ilk dəfə su ilə boğma yolu ilə işgəncə verilməsinə o zamanlar prezidentin milli təhlükəsizlik məsələləri üzrə məsləhətçisi, sonra isə dövlət katibi vəzifəsini icra etmiş Kondaliza Rays icazə verib. 2002-ci ilin iyul ayında o, “Əl-Qaidə” ilə əlaqəda olmaqda şübhəli bilinərək həbs edilmiş Əbu Zubeydin sorğu-sual olunmasında ona işgəncə verilməsinə icazə vermişdi. Bundan bir neçə həftə sonra su ilə boğmaq yolu ilə işgəncə verilməsi ədliyyə nazirliyindən “xeyir-dua aldı”.

Baş verənlərə Nümayəndələr palatasının spikeri Nensi Pelosi də öz reaksiyasını verdi. O qəti şəkildə bəyan etdi ki, prezidentin bu məsələdə tutacağı mövqedən asılı olmayaraq, demokrat diplomatlar hər halda istintaqın aparılmasına nail olacaqlar. Pelosi həmçinin “həqiqət komissiyası”nın yaradılması təşəbbüsü ilə çıxış etdi.

Çoxsaylı tənqidlər fonunda Obama geriyə çəkilməli oldu. Artıq bu dəfəki çıxışında prezident bildirdi ki, spikerin təşəbbüsündə səslənən “həqiqət komissiyası”nın yaradılmasına mane olmayacaq. Qısası, prezident hələlik təlimatları icra edənlərə qarşı deyil, bu təlimatları hazırlayanlara qarşı istintaqın başlanmasını nəzərdə tutub. Təlimatları hazırlayanların adları isə məlumdur: bunlar Buş adminstrasiyasının keçmiş hüquqşunasları Con Yu, Cey Beybi və Stiven Bredberidir.

İstintaq tərəfdarları istər Buş adminstrasiyasına qarşı ədavəti, istərsə də insan haqlarının müdafiəsini rəhbər tutsunlar, bu istintaqın başlanması perspektivləri dumanlı görünür. Belə ki, dövlət hüquqşunaslarına qarşı mümkün ittihamın irəli sürülməsinin etibarsızlığını keçmiş adminstrasiyanın əleyhdarları da başa düşürlər. Birincisi, sübut etmək lazımdır ki, hüquqşünaslar bilərəkdən hüquq normaları müstəvisində yalnışlığa yol veriblər: əks halda onları yalnız qeyri-peşəkarlıqda ittiham edəcəklər ki, bu da cinayət tərkibi daşımır. İkincisi əgər memorandum müəllifləri mühakimə olunsa, bu zaman işgəcələrin tədbiq edilməsinə ilk razılıq verən kəslərin cəzasız qalması məntiqsiz olacaq. Üçüncüsü isə, Buş administrasiyasının əlində olan arqumentdir: “11 sentyabr 2001-ci il terror aktından sonra növbəti belə halların qarşısı alınmalı idi. Bunun üçün informasiya tələb olunurdu və informasiya şübhəli bilinən kəslərdən tam icazə verilmiş normalar çərçivəsində alınıb”. Bu fikiri artıq bir neçə dəfə keçən adminstrasiyanın “boz kardinal” Dik Çeyni də təkrarlayıb. "Dəyərlər"


В этом разделе