Baxçalı Ermənistan sərhədindəki məsçitdə namaz qıldı

Bu, Vandakı erməni kilsəsində təşkil olunan kütləvi ibadətə cavabdır, bəs Amerika niyə narahat olub?

Dünən Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının lideri Dövlət Baxçalı və partiyanın 40-a yaxın bölgə təşkilatının rəhbəri Ermənistanla sərhədlərin yaxınlığında yerləşən qədim Ani şəhəri xarabalıqlarındakı məsciddə cümə namazı qılıblar. Bu, Vanın Ağdamar adasında yerləşən qədim erməni kilsəsində sentyabrın 17-də təşkil edilən ilk kütləvi ibadətə cavabdır.

Türkiyə hökuməti Ermənistana barışıq jesti olaraq həmin kilsəni restavrasiya edib, daha sonra orada ildə bir dəfə ayin keçirilməsinə icazə verilib. Türkiyə milliyyətçiləri ermənilərin az qala 100 il sonra yenidən Vana qayıdaraq qədim erməni torpağı hesab etdikləri bu ərazilərdə ibadət etmələrinə qarşı idi. MHP cavab olaraq Qars vilayətinin Ermənistanla həmsərhəd Ocaqlı kəndi ərazisində yerləşən, hazırda tarixi abidə kimi turizm məqsədiylə istifadə edilən Ani şəhəri xarabalıqlarında yerləşən qədim məsciddə cümə namazı qılınması üçün Mədəniyyət və Turizm Nazirliyinə müraciət edib. Əvvəlcə nazirlik MHP-nin bu aksiyasını “siyasi xarakterli” sayaraq ona mənfi yanaşıb. Lakin daha sonra Baxçalı və MHP-nin 40-a yaxın bölgə başqanının Anidəki Fəthiyyə məscidində namaz qılmasına rəsmi icazə verilib.
Ani qədim erməni şəhəri hesab edilir. Bu şəhərin alınması Anadolunun türklər tərəfindən fəth edilməsinin başlanğıcıdır. 1064-cü ildə həmin şəhər türk sultanı Aplarslan tərəfindən fəth edilib. Şəhərdəki kilsədən xaç endirilib və ora məscidə çevrilib. Hazırda məscid bağlıdır. Hökumətin rəsmi icazəsindən sonra MHP millət vəkili Atilla Kaya da daxil olmaqla bir qrup partiya funksioneri Ani xarabalıqlarını gəzərək cümə namazı üçün şərtləri araşdırıb.
Maraqlıdır ki, MHP-nin Anidə namaz qılmaq planları ABŞ-ı da narahat edib. Amerikanın Türkiyədəki səfirliyinin diplomatları MHP qərargahına gələrək bu aksiyanın məqsədini soruşub. Partiyanın parlament qrupu başqan vəkili Mehmet Şandır diplomatları qəbul edərək deyib ki, Ağdamarda ayin keçirilməsini anlayışla qarşıladıqları kimi Fəthiyyə məscidində də cümə namazı qılınmasına anlayış istəyirlər.
Nəhayət, dünən Baxçalı və MHP bölgə başqanları Aniyə gedərək planlaşdırdıqları namazı qılıblar. Mərasimə Türkiyənin Qars, İğdır, Van bölgələrindən, o cümlədən Azərbaycanın Naxçıvan bölgəsindən çoxlu sayda qatılanların olduğu bildirilir. Namazdan sonra toplaşanlara xitab edən Baxçalı hökuməti tənqid edərək deyib ki, türk milləti Anadoluya parçalanmaq üçün girmədi: “Anadolu ona görə fəth edilmədi ki, Ağdamar kilsəsi ibadətə yenidən açılsın. Lazım olsa Anadolunun fəthi üçün yenidən yola çıxarıq”.
Xəbərlərə görə, MHP-nin Anidə təşkil etdiyi namazdan bir gün əvvəl Türkiyənin hakimiyyət orqanları Ağdamar kilsəsində xaç asılmasına icazə veriblər. Bu, ermənilərə daha bir dostluq jestidir. Sentyabrın 17-də təşkil edilən kütləvi ayin zamanı kilsədən xaç asılmaması ermənilərin narazılığına səbəb olmuşdu və bir çoxları buna görə ayini boykot etmişdi.

В этом разделе