Azərbaycan və Türkiyə arasında saziş imzalanıb

Sənəd iki ölkə arasında strateji əməkdaşlığın Ali Şurasının yaradılmasını nəzərdə tutur

Bu gün Azərbaycan prezidenti İlham Əliyev və Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan İstanbulda Türkdilli ölkələrin dövlət başçılarının X Zirvə toplantısı çərçivəsində iki ölkə arasında strateji əməkdaşlığın Ali Şurasının yaradılması haqqında saziş imzalayıb. ANS-in İstanbula ezam olunmuş xüsusi müxbirinin verdiyi məlumata görə, dövlət başçısı İlham Əliyevlə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan keçirdikləri görüşdən sonra birgə mətbuat konfransı keçirib.

Tərəflər bildiriblər ki, bu sənəd ikitərəfli münasibətlərin daha da inkişaf etməsinə və yüksək səviyyəyə çatmasına xidmət edəcək. Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan imzalanmış sənədin mərhum prezident Heydər Əliyevin dövründən başlanmış bir iş olduğunu və bu gün həmin təşəbbüsün yekunun əldə edilməsini qeyd edib. Türkiyə baş naziri bildirib ki, bu sənədin imzalanmasından sonra iki ölkə arasında münasibətlər daha yüksək səviyyədə inkişaf etdiriləcək: “Yaradılacaq alt komissiyalar münasibətlərimizin istənilən sahədə nəzərədən keçirilməsinə xidmət edəcək. İki ölkə arasında strateji əməkdaşlığın Ali Şurası “Azərbaycanın sevinci bizim sevincimizdir, kədəri bizim kədərimizdir” deyən Atatürk ilə, “İki dövlət, bir millət” deyən mərhum Heydər Əliyevdən aldığımız bayrağın daha irəli zirvələrə ucaltmaq amalının bir təzahürüdür”.

Öz növbəsində prezident İlham Əliyev bildirib ki, iki ölkə arasında imzalanmış bu sənəd strateji əhəmiyyət daşıyır və tərəflərin tam şəkildə müttəfiqliyini nümayiş etdirir. O, eyni zamanda bu sənədin Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycana yardım edəcəyini də vurğulayıb.

“Bu gün həqiqətən tarixi bir gündür və belə bir gündə bərabər olmağımızdan çox məmnunam. Əminəm ki, bu gün Türkiyə və Azərbaycan arasında imzalanmış tarixi sənəd hər iki ölkənin münasibətlərinin gələcək inkişafını təmin edəcək. Qeyd etdiyiniz kimi bizim xalqlar arasında əsrlər boyu dostluq, qardaşlıq münasibətləri mövcuddur. Bu əlaqələr bu gün zənginləşir və yeni səviyyəyə qalxır. Bu münasibətlər əslində iki ölkə arasında olan əlaqələrin təməlidir. Möhkəm təməl üzərində biz bu əlaqələri qururuq. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra Türkiyə ilə münasibətləri daim inkişaf edir və bu gün bu əlaqələr müttəfiqlik səviyyəsinə qalxır”,- deyə prezident İlham Əliyev bildirib.

В этом разделе