Avropa Parlamenti "Fitnə"-nin nümayişini qadağan etdi

Erkin Qədirli: “Müsəlman icmalarının və müsəlman seçicilərinin legitim narazılığı hökumətlərin belə bir qərar verməsinə əsas olub”. Avropa Parlamenti hollandiyalı siyasətçi Vildersin "Fitnə" filmini Avropa İttifaqının Brüssel və Stratsburqdakı binalarında nümayişini qadağan edib. Belə ki, bu yaxınlarda İtaliya parlamentinin bir üzvü tərəfindən "Fitnə" filminin 2 aprel tarixində Avropa İttifaqının Brüsseldə yerləşən binasında göstərilməsi təklifini vermişdi. Ancaq Avropa parlamentinin sədri Hans Qert Pötterinq keçən il Stratsburqda göstərilməsi təklifinin də rədd edildiyini bildirərək, qeyd edib ki, "Stratsburq qadağası Brüssel üçün də qüvvədədir".

“Respublikaçı nativ” (REAL) İB-nin həmtəəsisçilərindən Erkin Qədirlinin fikrincə əslində bu tədbirlər onun göstəricisidir ki, Avropada bu filmin nümayişi ilə bağllı ciddi natazılıq var. Xəbərlə bağlı “Dəyərlər”ə şərhində Erkin bəy daha sonra bildirmişdir: “Bu filmin mövzusu ilə, hətta təqdimat tərzi ilə bağlı Avropa demokratiyasında və təşkilatlarda çox ciddi narazılıq vardır. Ola bilər ki, kimsə İslamı tanımasın, qəbul etməsin. İslam özü də bunda məcburiyyət qoymur. Amma burada Vildersin həm filmdə yaydığı mesajlar, həm də ondan əvvəl yazdığı məqalələrdə işlətdiyi ifadələrdə açıqca çox narahat edici ifadələr var. Məsələn, o, Quranı “Mayn Kampf”la (Hitlerin “Mənim savaşım” kitabı – “Dəyərlər”) müqayisə edir, Məhəmməd (s) peyğəmbəri də terroçu adlandırır. Bunlar heç bir çərçivəyə sığmayan şeylərdir. Dini hələ qoyaq bir kənara, Avropanın özündə, bütün ölkələrində nasizm, onun rəmzləri, ideologiyasının yayılması qadağandır. Belə nalayiq və hüquqla qadağan olunmuş bənzətmə istər-istəməz qıcıq yaradacadır. Bu məsələnin qeyri-etiraz, rasional hüquq tərəfidir. Məsələnin etiraz tərəfi də vardır. Avropanın demokratik ölkələrində getdikcə çoxalan müsəlman icmaları var və bu müsəlman icmalarının əksəriyyəti artıq həmin Avropa ölkələrinin özlərinin vətəndaşlarıdır. İngiltərədə müsəlmanlar çoxdur, Fransada da artıq milyonlarla müsəlman var, Almaniyada və digər ölkələrdə həmin vətəndaşlar tam hüquqlu vətəndaşlardır. Onlar hökumət seçkilərində iştirak edirlər, hökümətin siyasətinə təsir edə bilirlər. Buna görə də demokratiyanın xüsusiyyəti budur ki, hökumət seçicinin rəyini nəzərə alsın. Xüsusilə İngiltərə də, həmçinin digər Avropa ölkələrində hökumət yaxşı anlayır ki, əhəmiyyətli dərəcədə böyük olan müsəlman icmasını narahat edəcək belə bir film nümayiş etdiriləcəksə, deməli, iqtidarda olan partiya növbəti seçkilərdə həmin icmanın rəğbətini qazana bilməyəcək. Həmişəlik onların səslərini itirəcək”.

Bu filmin, xüsusilə onun təqdimat tərzinin açıq-aşkar, kobud formada hüquqa zidd olduğunu vurğulayaraq Erkin bəy öncədən qadağan olunmuş ideologiya ilə İslamın müqayisə edilməsini birbaşa hüquqa zidd olduğu qənaətindədir. Məsələnin siyasi-praqmatik çalarına toxunan ekspert sonda bildirdi: “Müsəlman icmalarının və müsəlman seçicilərinin legitim narazılığı hökumətlərin belə bir qərar verməsinə əsas olub”.

Xatırladaq ki, bu yaxınlarda "Fitnə" filminin nümayişi İngiltərə parlamentində qadağan olundsa da, Amerika müsəlmanlarının etirazına baxmayaraq ABŞ Konqresində isə bu film nümayiş etdirilmişdi. ("Dəyərlər" AİN)


В этом разделе