Amerikalı əsgərlər daha beş dinc əfqanıstanlını qətlə yetirdi

Əfqanıstanın cənub-şərq əyalətinin qubernatoru bu günlərdə bildirib ki, ABŞ işğalçı ordusunun əsgərləri keçirdikləri növbəti əməliyyat zamanı beş dinc sakini, o cümlədən iki qadın və yeni doğulmuş körpəni qətlə yetirmiş, iki qadını isə yaralamışdır, - İslam.ru xəbər verir.



“Amerika əsgərləri əvvəlcə şəhəri mühasirəyə alıb, sonra isə beş dinc əfqanıstanlını qətlə yetirib”, - deyə əyalətin qubernatoru Həmidulla Kalandarzan bildirib və qeyd edib ki, ölənlər arasında iki qadın, yeddi günlük körpə, on yaşlı oğlan uşağı və bir yaşlı qız uşağı olub. Onun sözlərinə görə koalisiya ordusunun əsgərləri yerli sakinlərdən olan Canat Qulyanın evini atəşə tutmuşdu, lakin atışma zamanı Əfqanıstan ordusunun zabiti polkovnik Zaxir Şaha mənsub olan qonşu evin üç sakini qətlə yetirilmişdi.

Amerika ordusunun belə vandallıq aktlarını pisləyən, ABŞ-ın əslində heç vaxt terrora qarşı mübarizəsinin olmadığını deyən ilahiyyatçı-alim, “Hacı Cavad” məscidinin imam-camaatı Hacı Əhliman Rüstəmov xəbəri şərh edərkən “Dəyərlər”ə bildirmişdir: “Həmişə terrorla mübarizə deyib elə bu cür dinc əhalini qırıblar. Bunu İraqda da edirlər, Əfqanıstanda da edirlər. Vaxtilə Yaponiyada da ediblər Hirasimo və Naqasaki hadisələrində. Bunu Panamada da törədiblər ki, ora isə heç müsəlman ölkəsi belə deyil. Onların işi daim elə bu cür fəaliyyətdən ibarətdir. Kimdən xoşlanmadılar və ya kimləri əzmək istədilər, yaxud da özlərinin siyasətlərini yeritməkdən ötəri terrorist adını qoyub işlərini görürlər. Bəyəm indiyədək onların öldürdükləri o günahsız adamlar deyildi? Güya öldürdüklərinin hamısı Taliban idi? Həmişə bu ordunun öldürdüklərinin arasında dinc əhali, günahsız insanlar olub”.

Amerika ordusunun rəhbərliyi isə faktla bağlı əvvəlcə öldürülənlərin Talibanla əlaqəli qruplaşmaya aid olmasını iddia etsələr də, sonradan istintaqın başlandığını bildirib.
("Dəyərlər" AİN)


В этом разделе