Ağ Ev “Qurani-Kərim”in müdafiəsinə qalxdı

““Quran”ın yandırılması ilə müşayiət olunan aksiyalar Əfqanıstan kimi yerlərdə təsirsiz ötüşməyəcək”

“Quran”ın yandırılması ilə müşayiət olunan aksiyalar müsəlman ölkələrindəki əməliyyatlarda iştirak edən Amerika qoşunlarının təhlükəsizliyinə təsir edə bilər. ANS-in xəbərinə görə, bunu Ağ Evin rəsmi nümayəndəsi Robert Gibbs bildirib. O, Floridadakı kilsələrdən birinin pastorunun 11 sentyabr hadisələrinin ildönümündə “Qurani-Kərim”in nüsxələrinin kütləvi yandırılması ilə bağlı çağırışına münasibət bildirərkən deyib: “Belə aksiyalar Əfqanıstan kimi yerlərdə təsirsiz ötüşməyəcək. Həmin yerlərdə qoşunlarımıza ziyan vurula bilər”.

Bir qədər əvvəl NATO-nun baş katibi Anders Foq Rasmussen də Vaşinqtonda bəyan etmişdi ki, belə aksiyaların keçirilməsini məsləhət görmür. O, bu aksiyaların keçirilməsi ideyasını qətiyyətlə pisləyib.

Bir sıra Amerika rəsmiləri, o cümlədən, hərbçilər aksiyanın yolverilməz olduğunu bildiriblər. Onların fikrincə, “Quran”ın yandırılması İslam dünyasında reaksiya doğuracaq, Amerika vətəndaşları və Silahlı Qüvvələrinə qarşı zorakılığa təhrik edəcək.

ABŞ Dövlət Departamentinin nümayəndəsi Filip Krouli jurnalistlərə bildirib ki, əgər belə bir aksiya baş tutsa, bu, amerikasayağı olmayacaq: “Bu addım dini dözümlülük və vicdan azadlığı prinsiplərinə ziddir”.

Əfqanıstandakı NATO qüvvələrinin komandanı, amerikalı general Devid Petreus da həmvətənlərini düşünmədən addım atmamağa çağırıb. Onun fikrincə, amerikalılar belə düşünülməmiş addımlarla hazırda Əfqanıstanda xidmət edən həmvətənlərinin həyatını təhlükə altında qoya bilərlər.

В этом разделе