ABŞ bildirib ki, İranda yeraltı nüvə obyektində uranın zənginləşdirilməsi işinin başlaması müvafiq BMT qətnamələrinin "növbəti pozulması" deməkdir
ABŞ Dövlət Departamentinin nümayəndəsi Viktoriya Nuland  keçirdiyi brifinqdə bəyan edib ki, İranın 20%-dək uranın  zənginləşdirməsinə başlaması bu ölkənin üzərinə götürdüyü öhdəlikləri  pozması deməkdir.
Milli.Az BBC-yə istinadən bildirir ki, onun sözlərinə görə ABŞ İranı nüvə fəaliyyətini dayandırmağa çağırır.
Beynəlxalq  Atom energetikası agentliyinin və BMT-nin nümayəndəsi təsdiq edib ki,  İran Fordu dağının içində tikdiyi yeraltı nüvə obyektində uranın 20%-dək  zənginləşdirməsinə başlayıb.
Agentliyin rəsmisi qeyd edib ki, bu obyektdəki "bütün nüvə materialları agetliyin nəzarəti altındadır".
Təhlilçilər  hesab edir ki, 20%-dək zənginləşdirilmiş uran nüvə silahının  hazırlanması yolunda atılan mühüm addımdır. Lakin Tehran nüvə  proqramının dinc məqsədli olduğunu qeyd edir.
Qərb ölkələri, ABŞ, Britaniya və Fransa İranın son addımlarını pisləyib.
Fransa  İranda uranın zənginləşdirməsini pisləyərək bildirib ki, bu hərəkət  Tehrana qarşı yeni sanksiyaların tətbiq olunmasına gətirəcək.
Ötən gün İranın ali dini rəhbəri Ayətullah Əli Xameneyi bəyan edib ki, Tehran Qərbin təzyiqinə baş əymək niyyətində deyil.














