QMİ-dən yenilik: bu ildən azərbaycanlı zəvvarlara Həcc ziyarəti boyunca yemək veriləcək
Təqvimə uyğun olaraq builki Həcc mərasimi noyabrın əvvəllərində başlayacaq. Artıq dünyanın bütün ölkələrində müsəlmanlar Həcc mərasiminə hazırlaşırlar. İl ərzində bir dəfə keçirilən və bir çox ədəbiyyatlardan müsəlmanların qeyri-rəsmi “konqresi” də adlandırılan Həcc ziyarəti İslam dininə iman gətirənlər üçün müqəddəs vəzifələrdən biridir.
Həcc ziyarəti yer üzündə ən çox sayda insan topluluğunun birgə yerinə yetirdiyi ibadətdir. Hər il təxminən 3-5 milyon müsəlman eyni vaxtda Məkkə şəhərində və onun yaxınlığındakı müqəddəs məkanlarda ziyarət ayini yerinə yetirir.
Qeyd edək ki, artıq ilk Həcc karvanı yola düşüb. Xəbər portallarının məlumatına görə, indoneziyalı müsəlmanlardan ibarət ilk Həcc karvanı artıq Mədinə şəhərinə çatıb. Bir qayda olaraq hər il uzaq ölkələrdən olan zəvvarlar nisbətən tez Həcc səfərinə çıxırlar. Azərbaycanda da Həcc hazırlıqları davam edir. Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətindən aldığımız məlumata görə, öt il olduğu kimi, bu il də Azərbaycandan ziyarətə 2 min zəvvarın göndərilməsi nəzərdə tutulub. Xatırladaq ki, ötən ilə qədər Azərbaycana Həcc ziyarəti üçün 6 min nəfərlik kvota ayrılsa da, ötən il bu rəqəm Azərbaycan tərəfindən 2 min nəfərə endirildi. Bu il də 2 min nəfərlik kvota qüvvədə qalır. QMİ-nin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşovanın sözlərinə görə, Həcc səfərinin qiymətlərində ciddi dəyişiklik olmayıb. Belə ki, ziyarətə avtobusla getmək istəyənlər 2500 manat, təyyarə ilə getmək istəyənlər isə 3500 manat ödəyiblər. QMİ nümayəndəsinin sözlərinə görə, artıq təyyarə ilə ziyarət üçün ayrılmış 800 yer tutulub. Avtobuslarda isə az sayda yer qalıb.
Qafqaz Müsəlmanları idarəsi bu il Həcc zəvvarları üçün yenilik də vəd edir. Belə ki, zəvvarlar bundan sonra ziyarət boyunca QMİ tərəfindən gündə iki dəfə yeməklə təmin olunacaqlar. Ötən il olduğu kimi, bu il də Azərbaycandan Həcc ziyarətinə zəvvarlar yalnız QMİ-nin xətti ilə gedəcəklər. İki il əvvələ qədər isə Həcc ziyarətini QMİ ilə yanaşı, bir neçə özəl firma da təşkil edirdi. Ancaq ötən il Azərbaycan tərəfi kvotanı azaltdıqdan sonra özəl şirkətlərə ayrılan yerlər də ləğv olundu. Rəhimə Dadaşova bildirdi ki, bu il də ziyarəti yalnız QMİ təşkil edəcək: “Həcc ziyarətinin təşkili ilə bağlı Səudiyyə Ərəbistanın Həcc Nazirliyi ilə müqaviləni yalnız QMİ bağlayıb. Bu müqavilə ilə ziyarəti təşkil etmək hüququ Azərbaycanda yalnız Qafqaz Müsəlmanları İdarəsinə verilib”.
QMİ nümayəndəsi bildirdi ki, azərbaycanlı zəvvarların ilk qrupu oktyabrın sonunda Səudiyyə Ərəbistanına yollanacaqlar. Təyyarələrlə ziyarətə gedənlər isə noyabrın ilk ongünlüyündə Həcc səfərinə yola düşəcəklər. QMİ nümayəndəsinə görə, azərbaycanlı zəvvarların Həcc marşrutu da dəyişilməz qalıb. Təyyarə ilə ziyarətə gedənlər Bakı-Ciddə reysi ilə yola düşəcəklər. Ziyarətə avtobuslarla gedənlər isə ənənəvi marşrutla - Gürcüstan, Türkiyə, Suriya, İordaniya və Səudiyyə Ərəbistanı xətti ilə səfər edəcəklər./Yeni Musavat/