Erməni rəsmi qurumları bu faktı açıqlamasa da, mətbuat vurulan əsgərlərin Şuşada basdırıldığını yazır
Ötən həftə sonu cəbhə xəttində Azərbaycan ordusunun snayperi sərrast atəşlə iki düşmən əsgərini məhv edib. "Yeni Musavat"ın Ermənistan mətbuatına istinadlı xəbərinə görə insidentin cəbhə xəttinin hansı istiqamətində baş verdiyi açıqlanmır. Ancaq bildirilir ki, vurulan erməni əsgərlərinin hər ikisi Şuşadan olub və onların cəsədi ötən şənbə günü bu şəhərdə basdırılıb. Erməni mətbuatının yazdığına görə, Azərbaycan ordusunun snayperi əvvəlcə erməni əsgərlərindən birini vurub.
Bu zaman o biri əsgər yaralı yoldaşına kömək etmək üçün irəli çıxıb və ikinci atəşlə o da vurulub. Ermənistanın Müdafiə Nazirliyi və Dağlıq Qarabağdakı separatçı erməni rejiminin hərbi qurumu cəbhə xəttində iki erməni əsgərinin öldürülməsi barədə hələlik rəsmi məlumat yaymayıblar. Bununla belə, ötən həftə cəbhə xəttinin Goranboy istiqamətində Ermənistan ordusunun əsgərinin Azərbaycan snayperi tərəfindən vurularaq öldürüldüyü barədə məlumat yayılmışdı. Erməni tərəfi bir çox hallarda itkilərini gizlədir, xüsusən Qarabağdan olan erməni əsgərləri məhv ediləndə bu barədə mətbuata əsasən məlumat verilmir. Son vaxtlar cəbhə xəttində vəziyyət gərginləşib və atəşkəs rejimi hər gün bir neçə istiqamətdə pozulur. Ermənistan ordusunun diversiya bölmələri isə bir neçə dəfə mövqelərimizə hücum ediblər.