Şeyx Ayətullah Xameneiyə müraciət edəcək

Bütün Qafqazın Şeyxi Allahşükür Paşazadə

O, bunu Höcətül-İslam Seyid Əli Əkbər Ocaq Nejadın verdiyi iftarda çıxış edərkən deyib

Xəbər verdiyimiz kimi, Təzə Pir kompleksinin restoranında İran islam Respublikasının Ali Dini Lideri Ayətullah Seyyid Əli Xameneinin Azərbaycandakı nümayəndəsi Höccətül İslam vəlmuslimin Seyyid Əli Əkbər Ocaq Nejad iftar verib.

İslam-Azeri.az İnternet qəzetinin xüsusi müxbirinin verdiyi xəbərə görə, tədbirdə çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadə bu günlərdə Buşer Atom Elektrik Stansiyasının ilk enerji blokunun fəaliyyətə başlaması məsələsinə toxunub.

Hacı Allahşükür Paşazadə deyib: "Bu əlamətdar hadisə münasibətiylə məclisə qatılan İran İslam Respublikasının səfiri Məhəmmədbaqir Bəhramini bütün İran xaldqının təmsilçisi qismində təbrik edirəm. Qardaş və qonşu Azərbaycan, həmçinin bütün dünya müsəlmanları bu hadisənin təsiri altında böyük sevinc içindədirlər".

Şeyx həmçinin bir neçə gün öncə Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərindən geri çəkilməyəcəyinə qədər bu ölkəyə taxıl ixracatını dondurması barədə İran İslam Şurası Məclisinin deputatı, İran-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Seyid Kazım Musəvi tərəfindən səslənən bəyanata da münasibət bildirib. O qeyd edib ki, belə bir mövqeyin ortaya qoyulması həm sadə azərbaycanlıların, həm də Azərbaycan hökumətinin böyük məmnunluğuna səbəb olub.

Bütün Qafqazın şeyxi Azərbaycan ərazisində azanların müxtəlif vaxtda verilməsi probleminə toxunaraq, bu məsələylə bağlı İran İslam Respublikasının Ali Dini lideri Ayətullah Seyyid Əli Xameneiyə müraciət edəcəyini toplaşanların diqqətinə çatdırıb. Hacı Allahşükür Paşazadə bunu Əli Xameneinin Azərbaycanda çoxsaylı müqəllidlərinin olmasıyla izah edib. O deyib ki, ölkə ərazisində azanın eyni vaxtda səslənməsi daha məqsədəuyğundur və bu işdə Seyyid Əli Xameneinin bir mərceyi-təqlid kimi məsləhətinə böyük ehtiyac var.

В этом разделе