Azərbaycan torpaqlarının işğalı faktı aradan qaldırılmayacağı təqdirdə bütövlükdə Cənubi Qafqazda vəziyyətin daha təhlükəli xarakter alacağı qaçılmaz olacaq.
Trend-in məlumatına görə, bunu sentyabrın 26-da Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyev Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Riçard Morninqstarı qəbulu zamanı deyib.
Regionda mövcud hərbi-siyasi vəziyyət və Dağlıq Qarabağ probleminin yaratdığı çətinliklərə toxunan nazir Əbiyev münaqişənin sülh yolu ilə həlli məsələsində Minsk Qrupuna daxil olan ölkələrin fəaliyyətlərini gücləndirmələrinin zəruriliyini qeyd edib.
Azərbaycana yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri təbrik edən müdafiə naziri ona diplomatik fəaliyyətində uğurlar arzulayıb.
Görüşdə ABŞ və Azərbaycan arasındakı strateji əməkdaşlıq əlaqələrinin verdiyi yüksək nəticələr, eyni zamanda hərbi sahədə əldə edilən naliyyətlər barədə geniş fikir mübadiləsi aparılıb.