Rusiya dünya güclərinin təzyiq və təpkilərinə baxmayaraq, postsovet məkanına daxil olan müstəqil dövlətlərin ilhaqına dair planını icra etməkdə qərarlı görünür.
Bir neçə ay öncəyədək SSRİ-nin bərpası istiqamətindəki addımlarına müxtəlif don geyindirən imperiya varisi müxtəlif səviyyələrdə artıq açıq şəkildə nəinki MDB məkanına, hətta Baltikyanı ölkələrə də iddialar irəli sürür.
İş o yerə çatıb ki, Rusiya Dövlət Dumasından Polşa Xarici İşlər Nazirliyinə Ukraynanın bölünməsini nəzərdə tutan rəsmi məktub göndərilib. Polşa telekanalınin verdiyi məlumata görə, Rusiyanın Liberal Demokratlar Partiyasının lideri, Dövlət Dumasının sədr müavini Vladimir Jirinovski Polşaya Ukraynanın Volın, Lvov, İvano-Frankovsk, Ternopol və Rovno vilayətlərində həmin ərazilərin Polşaya mənsub olması ilə bağlı referendum keçirməyə təklif edib. Polşa XİN bu təklifdən hiddətlənib. Eyni “təklifləri” Macarıstan və Rumıniya da alıb. Onlara müvafiq olaraq Zakarpatye və Çernovtsı vilayətlərini özlərinə birləşdirmək təklif olunur. Plana görə, Ukraynaya yalnız mərkəzi hissə qalmalıdır.
Bundan əvvəl Jirinovski Dövlət Dumasının tribunasından Ukraynanı parçalamağa çağırmışdı. Adətən Rusiya dövlətinin planlarının anonsunu verən Jirinovskinin başqa bir çağırışı isə Qarabağın Rusiyaya birləşdirilməsi barədə olub. Bu mənada hesab olunur ki, Rusiya Azərbaycanla bağlı da təhlükəli planlarını icraya yönəldə bilər.
Digər bir məlumata görə, Rusiyanın təcavüzünün növbəti qurbanı Moldova ola bilər. Bu mənada Avropa Birliyinin (AB) Moldova ilə assosiasiya sazişini mümkün qədər tez imzalaması təklif olunur. Gürcüstanın Cavaxetiya bölgəsindəki ermənilər isə Tiflisin NATO-ya üzvlüyünə qarşı çıxışlara başlayıblar. Görünən budur ki, Rusiya bütün postsovet ölkələrində “beşinci kolon”u işə salıb. Bu vəziyyət Azərbaycana da ciddi təhlükə vəd edir.
Politoloq Hikmət Hacızadə şübhə etmir ki, baş verənlər Azərbaycana təsirsiz ötüşməyəcək: “Bunlar mütləq Azərbaycana yayılacaq. İlk növbədə Rusiya Azərbaycanı şantaj etməyə başlayacaq. Deyəcək Gömrük İttifaqına qoşul, Avropa ilə əməkdaşlıqdan imtina et, kəməri ordan çəkmə, bura çək, qazı ora satma, bura sat. Əks təqdirdə, sənin də başına müsibətlər gətirəcəyik. Əgər münasibətlər lap gərginləşsə, onda Rusiya Qarabağın müstəqilliyini tanımaqla bağlı prosesə start verəcək. Bu prosesin ardını heç düşünmək də istəmirəm. Ölkəmiz üçün belə hadisələrin baş verməsini istəməzdim, lakin hazır olmaq, işləmək, bu təhlükələrə qarşı nə etməli olduğumuz haqda düşünmək lazımdır ”.
Ekspertin birinci təklifi odur ki, cəmiyyətin bütövlüyü təmin olunmalıdır: “Gözlənilən təhlükələrə qarşı bir yerdə müqavimət göstərməliyik. İqtidarla müxalifət arasında uçurum olmamalıdır. Bu böyük təhlükənin qarşısında biz gərək özümüzü möhkəmlədək, bir-birimizin gözünü çıxartmayaq. Paralel şəkildə başqa şeylər də fikirləşmək, Qərblə danışıqlar aparmaq olar. Amma əsas məsələ cəmiyyəti birləşdirməkdir ki, vəziyyət Ukraynadakı kimi olmasın ”.
H.Hacızadə indiki situasiyada Azərbaycandakı “beşinci kolon”la da məşğul olmağı zəruri sayır: “Onların hamısını nəzarət altına almaq gərəkdir. Tamamilə doğrudur, Azərbaycanda ”beşinci kolon" əmələ gəlib. Bunlar sanki təzədən “11-ci Qızıl Ordu”nu gözləyirlər ".
Politoloq Qərbin Ukraynadakı davranışları barədə fərqli fikirdədir: “Qərb deyir biz Rusiyanı iqtisadi cəhətdən sıxacağıq. Bu mənada hələ nəsə demək tezdir, baxaq, görək nə edəcəklər. Görünən budur ki, ordan da o qədər kömək yoxdur. Demək, özümüz möhkəmlənməliyik”. H.Hacızadənin prinsipial mövqeyi bundan ibarətdir ki, şimaldan nə qədər təzyiqlər olsa belə, Moskvanın şərtlərinə boyun əymək olmaz: “Rusiya müstəqilliyimizin itirilməsini istəyir, buna getmək olmaz ”.
“Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu isə deyir ki, Rusiyanın postsovet məkanındakı revanşı və ya hücumu GUAM xətti üzrə gedəcək: “Diqqət yetirsək, görərik ki, postsovet respublikaları arasında Rusiyanın əsasən yaratdığı separatçı rejimlər GUAM üzvü olan ölkələrin ərazisindədir: Gürcüstan, Azərbaycan, Moldova, indi də Ukrayna. Rusiya GUAM-ın yaradılmasının ilkin addım olduğunu və sonda bu ölkələrin də Avropa Birliyi və NATO-ya inteqrasiya olunacağını bilməmiş deyil. Məhz o səbəbdən də bu ölkələrdə problemlər yaradırdı ki, həmin separatçı bölgələr vasitəsilə öz geosiyasi şərtlərini diktə edə bilsin.
Amma Rusiyanın cəlbedici olmaması və bu ölkələrdə gedən daxili proseslər, onların Qərbə inteqrasiyası səbəbindən Moskva nəzarəti itirməkdə idi. Məsələn, Rusiya artıq Gürcüstana nəzarəti itirib, separatçı bölgələr vasitəsilə də Tiflisə təsir edə bilmir. Ukraynada isə Rusiya bütövlükdə hakimiyyəti götürmüşdü. Lakin Yanukoviçin məğlubiyyəti Rusiyanın Ukrayna siyasətini iflasa uğratdı və Moskva güc vasitələrinə keçdi. NATO-nun ”Rusiya Krımla kifayətlənməyəcək və Şərqi Ukrayna vilayətlərini də götürə, Moldovaya daxil olub Dnestryanı bölgəni özünə birləşdirə bilər" xəbərdarlığı real təhlükədən xəbər verir. Artıq Rusiya beynəlxalq hüququn bütün normalarını pozaraq təcavüzkar addımı atıb. Kiyev nüvə silahından imtina edəndə Rusiyanın özü Ukraynanın ərazi bütövlüyünə təminat vermiş ölkələrdən biri idi. Bu gün Rusiya özünün öhdəliyini pozub ".
Ə.Oruclu deyir ki, beynəlxalq sanksiyalar Rusiyanı daha da aqressiv davranmağa sövq edir: “Bugünlərdə Bzejinski də belə bir ifadə işlətmişdi ki, Rusiyaya qarşı sanksiyalar hələlik naharın salatıdır, nahar isə qabaqdadır. Şübhəsiz ki, Rusiyanı ciddi problemlər gözləyir. Ona görə də Rusiya aqressiv siyasətini davam etdirmək istəyir ki, hərbi güc hesabına özünü təsdiqləsin və dünyanı özü ilə hesablaşmağa vadar etsin. Bunun üçünsə Krım kifayət etmir. Bu mənada Polşanın, Baltikyanı ölkələrin narahatlığı anlaşılandır. Əslində Rusiya bu prosesi başlayıb ”.
Ekspert deyir Rusiya Azərbaycana qarşı iki istiqamətdə təzyiqlərə başlayıb: “Bunlardan birincisi Qarabağla bağlıdır. Artıq gündəliyə atılmış məsələlərdən biri referendum keçirib Qarabağın Rusiyaya birləşdirilməsidir. Real görünmür, amma bir ay qabaq Rusiyanın Krımı işğal edəcəyi də real görünmürdü. Digər tərəfdən, bu gün Rusiya emissarları Gürcüstanda iki istiqamətdə separatçılığı qızışdırmaqla məşğuldur. Birinci Cavaxetiyada erməni azlığını İrəvan emissarlarının köməyi ilə ayağa qaldırırlar, ikinci eyni iş Gürcüstan azərbaycanlıları arasında aparılır. Gürcüstanla Azərbaycan arasında etnik ərazi münaqişəsinin yaranması Azərbaycanı çox ciddi münaqişəyə cəlb etməkdir. Bu tərəfdən də Qarabağ məsələsi var. Nəhayət, bugünlərdə mənim çox hörmət etdiyim cənab Vəfa Quluzadə açıq dedi ki, Azərbaycanda Rusiyanın ”beşinci kolon"u var. Mən bu fikri tam bölüşürəm. Azərbaycan hakimiyyəti daxilində ölkəni beynəlxalq təşkilatlardan təcrid edən, Qərblə münasibətləri pozan “beşinci kolon” öz neqativ işini görüb və görməkdədir. Hesab edirəm ki, ən böyük təhlükə mənbəyi də budur".
Arannews