Dmitri Medvedev Bakıda çıxışı zamanı belə deyib
“Rusiya ilə Ermənistan arasında imzalanan hərbi-texniki müqavilə hər hansı bir prinsipial əhəmiyyət daşımır”. Bu barədə Bakıda rəsmi səfərdə olan Rusiya prezidenti Dmitri Medvedev azərbaycanlı həmkarı İlham Əliyevlə baş tutan görüşdən sonra keçirilən birgə mətbuat konfransında jurnalistlərin müqavilə barədə suallarını cavablandırarkən bildirib.
“Biz özümüz də qafqazlı hesab olunuruq. Buna görə də, sözügedən müqavilə regionda bir növ təhlükəsizliyin qarantı kimi çıxış edir. Yəni biz bölgədə sülhün olmasında maraqlıyıq”, - deyə qeyd edib.
Xatırladaq ki, avqustun 20-də Rusiya və Ermənistan arasında Gümrüdəki rus hərbi bazası haqqında 1995-ci ildə bağlanmış ikitərəfli müqaviləyə dəyişikliklərin edilməsi barədə protokol imzalanıb. 1995-ci il müqaviləsinin müddəti 25 il təşkil edirdi, indi isə o, 49 il müddətinə qüvvədə olacaq.
Qeyd edək ki, birgə mətbuat konfransı bir qədər əvvəl başa çatıb./ANS/