Hesab edirik ki, İranla Azərbaycan arasındakı informasiya qarşıdurması və fərqli səviyyələrdə münasibətlərdə mövcud olan gərginlik aradan qalxmaqdadır.
Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Gəncədə jurnalistlərə müsahibəsində bildirib.
Onun sözlərinə görə, burada həm İran, həm də Azərbaycan tərəfinin iradəsi ortadadır.
"Bilirsiniz ki, bu münasibətlərin mövcud vəziyyətə gəlməsində bəzi Qərb dairələri, o cümlədən bəzi antiazərbaycan və antiiran dairələr mühüm rol oynayıblar. Bu iki qonşu dövləti bir-birinə qarşı qoymaq, onlar arasındakı münasibətləri korlamaq, təssüflər olsun ki, bəzi geosiyasi, rəsmi və qeyri-rəsmi dairələrin maraqları çərçivəsindədir", - Həsənov qeyd edib.
PA rəsmisi bildirib ki, nazir səviyyəsində İran dövlətinin xüsusi elçisinin Azərbaycana gəlişi və Prezident İlham Əliyevi İrana dəvət etməsi, bu dəvət ətrafında ünvanlanan məktubdakı çağırışlar bu dövlətin Azərbaycanla qarşıdurmadan çəkinmək meylini nümayiş etdirir.
Onun sözlərinə görə, bu qarşıdurma bu gün müxtəlif səviyyələrdə gedir.
"O cümlədən iki azərbaycanlı gəncin İranda həbsi Azərbaycan ictimaiyyətində ciddi narazılıq doğurub, narahatlıq yaradıb. Bu gənclərin azad olunması da, düşünürük ki, bu yaxınlarda baş tutacaq. Xarici İşlər Nazirliyi və digər dövlət qurumları beynəlxalq hüququn, o cümlədən İranla Azərbaycan arasında hüquqi normativ sənədlərin imkan verdiyi bütün vasitələrdən istifadə edirlər və düşünürük ki, tezliklə bu məsələ öz həllini tapacaq", - Həsənov qeyd edib.