islam-azeri.az saytının Müsavata istinadən verdiyi məlumata görə, Azərbaycanlı zabit Ramil Səfərov Bakıya gətirilib.
Faktı Macarıstanda həbsdə olan zabitimizin gətirilmə prosesində fəallıq göstərmiş və təşkilati işləri həyata keçirmiş iş adamı İlham Rəhimov təsdiqləyib.
Qeyd edək ki, Ramil Səfərovun ekstradisiyası ilə bağlı çalışmalar davam edirdi. Bu məsələdə Azərbaycan prezidenti və tanınmış iş İlham Rəhimov xüsusi çalışmalar həyata keçiriblər. Bu barədə qəzetimiz dünənki sayında yazıb.
Ramil Səfərov 25 avqust 1977-ci ildə Cəbrayıl rayonunda dünyaya gəlib. 1991-ci ildə Cəmşid Naxçıvanski adına hərbi təmayüllü məktəbə daxil olub. 1992-ci ilin sentyabrında ARMN-in sərəncamı ilə təhsilini davam etdirmək üçün Türkiyənın İzmir şəhərinə göndərilib. Maltəpə hərbi litseyini müvəffəqiyyətlə bitirdikdən sonra Ankara Ali Hərbi məktəbinə daxil olub və hərbi təlim kursları keçib. 2001-ci ilin may ayından 2002-ci ilin mart ayına qədər MN-in sərəncamı ilə Gədəbəydəki "N" saylı hərbi hissədə tağım komandiri vəzifəsində qulluq edib. 2002-ci ilin mart ayında MN-in sərəncamı ilə H.Əliyev adına AHKM-ə göndərilib. Qulluq etdiyi müddətdə baş leytenant rütbəsinə qədər yüksəlib. 2004-cü ilin yanvar ayında MN-in sərəncamı ilə NATO proqramları çərçivəsində Macarıstanın Budapeşt şəhərində keçirilən 3 aylıq ingilis dili kurslarına ezam olunub.
Vətənə dönməyə 20 gün qalmış – fevral ayının 19-da kurslarda iştirak edən Qurqen Markaryan adlı erməni zabitini qətlə yetirib. Elə həmin tarixdə Budapeştin hüquq-mühafizə orqanları tərəfindən həbs olunub. Budapeşt Şəhər Məhkəməsinin 13 aprel 2006-cı il tarixli hökmü ilə ömürlük azadlıqdan məhrum edilib.