"Şeyx qorxursa, məsciddə oturub ibadətini etsin"

QMİ sərinin Ermənistana planlaşdırılan səfəri birmənalı qarşılanmır

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə noyabrın 28-30-da Ermənistanda keçiriləcək MDB ölkələri Konfessiyalararası Şuranın iclasında iştirak edəcək. APA-nın məlumatına görə, bu barədə Eçmiədzin kilsəsinin mətbuat dəftərxanası məlumat yayıb. Kilsə təmsilçisi Vaqram Melikyan tədbir çərçivəsində Azərbaycan və Ermənistan dini liderlərinin görüşünü də istisna etməyib.

Xatırladaq ki, QMİ sədri Vladiqafqazda dindarlarla görüşü zamanı bütün ermənilərin katalikosu II Qareginlə görüşü mümkün saydığını deyib. Lakin QMİ sədrinin Ermənistana planlaşdırılan səfəri ilə bağlı mövqe birmənalı deyil. QAT sədri Akif Nağı hesab edir ki, hacı Allah şükür Paşazadənin səfərinin Qarabağ məsələsinin həllinə müsbət təsiri olmayacaq: “Paşazadə sifariş yerinə yetirir. ATƏT həmsədrləri Eçmiədzində Qareginlə görüşəndən sonra Paşazadəylə də görüşdülər. Görünür, Ermənistana getməyi Şeyxdən onlar xahiş ediblər”.
A.Nağinin fikrincə, Azərbaycan rəsmilərinin Ermənistana səfərlərindən düşmən tərəf udur: “Səfər də onu göstərir ki, Şeyx bu işğalla razılaşır. O, mənəvi məsuliyyətini dərk etməlidir. Onun tutduğu post müqəddəsdir. Buna görə də hörmətsizlik etmək istəmirik. Şeyx kimdənsə qorxursa, istefa verib, məsciddə oturub ibadətini etsin. Qaregin Azərbaycana gələndə guya onu Şəhidlər Xiyabanına aparıb, şəhidlərin ruhu qarşısında baş əydiyini dedilər. Amma Qaregin bunun yalan olduğunu söylədi. Eçmiədzin kilsəsi Azərbaycanda terroru dəstəkləyir. Nə qədər ki, gec deyil, Paşazadə fikrindən daşınmalıdır. Elə etməsin ki, ona qarşı hörmətsizlik edək”.
Əslən Qarabağdan olan jurnalist Azər Qaraçənli isə hesab edir ki, din xadimləri daha çox barışdırıcı mövqe tutmalıdırlar: “QMİ sədrinin Ermənistana gedəcəyi hələ təsdiqlənməyib. Ermənistan dini rəhbəri Azərbaycana səfər etmişdi. Bunu nəzərə alsaq, görünən budur ki, Paşazadə də Ermənistana gedəcək. Belə olan halda bu qarşılıqlı səfərə çevriləcək. Şübhəsiz ki, Ermənistan Azərbaycan torpaqlarını işğal edib. Amma ən çox barışdırıcı missiyanı din həyata keçirə bilər. Söhbət ədalətli sülhdən gedir”.
A.Qaracənli bildirdi ki, QMİ rəhbərinin Ermənistana səfəri Azərbaycan siyasi rəhbərliyinin razılığı ilə baş tutacaq: “Amma razılıq olmadan da dini rəhbər bu addımı ata bilər. Şeyxin Ermənistana səfəri mənfi hal deyil”. /Yeni Müsavat/

В этом разделе