«Biz ölkə dindarlarına daim hörmətlə yanaşmışıq və yanaşırıq, bu, dinimizin əxlaqından irəli gəlir»
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür  Paşazadə bu sözləri yanvarın 24-də “Təzə Pir”də yığılan dindarların  uzaqlaşdırılması haqda xəbərləri Turana şərh edərkən deyib. 
 Son  vaxtlar orta məktəblərdə yaşanan baş örtüsü məsələsilə bağlı dindarların  narahatlığını başa düşdüyünü deyən A.Paşazadə, səlahiyyəti çərçivəsində  dindarların istəklərini uyğun dövlət qurumlarının nəzərinə çatdırdığını  qeyd edib.
Bununla yanaşı, QMİ sədri idarəyə gələn ayrı-ayrı dindar  qruplarını özünün və idarə əməkdaşlarının qəbul etdiyini, onları  dinlədiklərini söyləyib. “Yaxın günlərdə bir qrup dindar “Təzə Pir”  məscidində olub, ölkə dindarlarının iradəsini ifadə etdiklərini  deyiblər, mənimlə görüş istəyiblər, təmsilçilərlə görüşmüşəm,  müraciətlərini qəbul etmişəm”, - deyə QMİ sədri nəzərə çatdırıb.
QMİ  sədri yanvarın 24-də daha bir qrup dindarın əvvəlki qrup kimi eyni  məzmunlu tələblə “Təzə Pir”ə gəldiyini, bu dindarların da görüş  istədiklərini söyləyib. “Amma məram əvvəlki qrupla eyni olduğu üçün  görüşə zərurət yox idi”, - deyə QMİ sədri mövqeyini ifadə edib. Bu dəfə   dindarları qazi Faiz Nağızadə qəbul edib, onları dinləyib və  istəklərini idarə rəhbərliyinə çatdırıb.
A.Paşzadə QMİ-nin  səlahiyyətə malik dövlət qurumu olmadığını, səlahiyyətlərinin  məscidlərin idarəçiliyilə sərhədləndiyini, hakimiyyət qurumlarının  təmsilçilərilə görüşdə dindarların istəklərini çatdırdıqlarını deyib və  dindarların bunu anlayışla qarşılamalarını istəyib.  
QMİ sədri  adından “Təzə Pir”də baş örtüsü ilə bağlı dini sənədi açıqlayacağı ilə  bağlı dindarları məscidə çağıran sms-lər yayılmasına toxunan A.Paşazadə  dini mərkəzin heç yerə belə ismarıclar göndərmədiyini nəzərə çatdırıb.  
QMİ  mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova Baki İslam Universitetinin  rektoru Sabir Həsənlinin “Salamnews” xəbərlər agentliyinə şərhində  fikirlərinin təhrif olunduğunu deyib. Belə ki, S.Həsənli baş örtüsünə  münasibətdə QMİ-nin mövqeyindən fərqli bir mövqeyi olmadığını deyib.  Buna görə, R.Dadaşova agentliyin S.Həsənliyə isnadən bu məsələdə QMİ  daxilində fikir ayrılığı olması haqda yaydığı xəbəri əsassız adlandırıb.  (Deyerler.org)














