Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Salman Musayevin qardaşı həbs edilib

Hacı Salman Musayev

Gürcüstan Konstitusiya Təhlükəsizliyi Departamenti əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində 3 azərbaycanlı məmur rüşvət almaq şübhəsi ilə saxlanılıb.

APA-nın Gürcüstan bürosunun xəbərinə görə, bu bərədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumata əsasən, Marneuli rayon bələdiyyəsinin sədri Ayvaz İsmayılov rüşvət aldığına görə həbs edilib. Bələdiyyə sədri icarəyə götürülən torpaq sahəsinin özəlləşdirilməsində kömək müqabilində vətəndaşdan rüşvət şəkilində 6 min lari alıb.

Dmanisi rayon bələdiyyəsinin sədr müavini Kamran Musayev və rayonun Oruzman kənd icra nümayəndəsi Fərhad Qurbanov isə saxta sənədlər düzəltmək müqabilində 300 lari rüşvət almaqda ittiham edilirlər. Bu şəxslər də Konstitusiya Təhlükəsizliyi Departamenti əməkdaşları tərəfindən saxlanılıb.

Faktlarla bağlı cinayət işi qaldırılıb. İttihamlar təsdiqlənərsə, onları 9 il azadlıqdan məhrumetmə cəzası gözləyir.

Qeyd edək ki, Kamran Musayev Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Salman Musayevin qardaşıdır. K. Musayev daha əvvəl Dmanisinin Hamamlı kənd icra nümayəndəsi olub.

В этом разделе